Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 2025-ci ili “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan etməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda çıxış edib.
Korrekt.az xəbər verir ki, ümumi sessiyada çıxış edən Türkiyə Prezidenti Fələstin məsələsinə toxunaraq bildirib:
“Fələstinlilərin sülh prosesinin bütün mərhələlərində iştirakını və töhfə verməsini vacib hesab edirik. Əsas məqsəd iki dövlətli həll yoludur. Beynəlxalq ictimaiyyətin Fələstin xalqına olan borcunu ödəməsinin vaxtı gəlib çatıb.”
Ərdoğan Qəzzadakı vəziyyətin hələ də həssas olduğunu, atəşkəsin təmin edilməsi və humanitar yardımın çatdırılmasının prioritet olaraq qalmasını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının 2800 saylı qətnaməsinin davamlı sülh və Qəzzanın yenidən qurulması üçün mühüm imkan yaratdığını qeyd edib.
Ərdoğan Türkmənistanın neytrallıq statusunu və müstəqillik dövründə əldə etdiyi inkişafı yüksək qiymətləndirib:
“Türkmənistan müasir şəhərləri, sənaye müəssisələri, məktəbləri və xəstəxanaları ilə nümunəvi ölkəyə çevrilib. Türkiyə və Türkmənistan ortaq tarixdən güc alan iki qardaş dövlətdir.”
O, iki ölkə arasında enerji, investisiya, müdafiə və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirildiyini diqqətə çatdırıb.
Ərdoğan bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və əməkdaşlığın vacibliyini vurğulayıb:
“Qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə sülh və dialoqun hökm sürməsi üçün bütün gücümüzlə çalışırıq. Rusiya və Ukrayna arasındakı müharibənin sona çatması ən səmimi arzumuzdur və İstanbul prosesinə dəstək verməyə hazırıq.”
Türkiyə Prezidentinin sözlərinə görə, ölkə Qəzzada davam edən humanitar fəlakətə diqqət çəkərək beynəlxalq ictimaiyyəti prosesə daha fəal dəstək verməyə çağırır.
Ərdoğan çıxışında sülhə dair çağırışlarını belə ifadə edib:
“Sülh yalnız ədalətlə, təhlükəsizlik yalnız qarşılıqlı hörmətlə mümkündür. Sabitlik dialoq və əməkdaşlıqla təmin edilə bilər.”
O, türkmən şairi Məhtimqulu Firakinin sülh və bərabərlik çağırışını xatırladaraq Forumun gələcək üçün mühüm platforma olduğunu deyib.
Çıxışdan sonra TRT Haber-ə açıqlama verən Ərdoğan Pakistan Baş naziri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyini bildirib.
















