Pəncəli Teymurov… Bu ad artıq hər bir azərbaycanlıya doğmadır. O, qəhrəmanlıq tariximizdə özünəməxsus yeri olan igidlərimizdəndir. Özü nə qədər sirli və qapalı biri olsa da, göstərdiyi şücaətlərdən hətta düşmən ordusunda da danışılırdı.
Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci ildə Astara rayonu B. Rüstəmov adına Asxanakəran kənd tam orta məktəbini bitirib. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnən Pəncəli qısa müddətdə hərbi hissənin ən mahir kəşfiyyatçılarından birinə çevrilib. Daha sonra könüllü olaraq xidmətini yenicə formalaşdırılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat-diversiya taborunda davam etdirib. Ümumilikdə, 17 il Azərbaycan Ordusunda şərəflə xidmət edib.
Pəncəli Teymurov hələ uşaq yaşlarında, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının dəhşətli görüntülərini izləyərkən özünə söz vermişdi: hərbçi olacaq və xalqına qarşı törədilən cinayətlərin qisasını alacaq.
İllər keçdi. O, uşaqlıqda verdiyi bu sözə sadiq qaldı. Hərbçi kimi yetişdi, peşəkar kəşfiyyatçı oldu və həyatını Vətənin müdafiəsinə həsr etdi.
Pəncəlinin döyüş yolu ilə bağlı yayılan məlumatlarda Xocalı faciəsində iştirak etmiş erməni hərbçilərindən birinin sonradan general rütbəsi almağa hazırlaşarkən onun tərəfindən izlənildiyi və məhv edildiyi bildirilir. Bu hadisənin erməni hərbi dairələrində ciddi narahatlıq yaratdığı qeyd olunur.
Pəncəlinin qəhrəmanlığı bununla bitmirdi. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcər istiqamətində keçirilən əməliyyat zamanı onun rəhbərlik etdiyi qrupun erməni hərbçilərinin olduğu avtomobili partlatdığı bildirilir. Məlumatlara görə, avtomobildə dörd zabit və 20 əsgər olub.
Bu əməliyyatdan sonra erməni tərəfinin Pəncəli Teymurovun ələ keçirilməsi üçün xüsusi səylər göstərdiyi, hətta onun başına böyük məbləğdə mükafat qoyulduğu barədə məlumatlar yayılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu ələ keçirmək mümkün olmayıb.
Rəvayət olunan hadisələrdən birinə görə, erməni hərbçiləri Pəncəlini tutmaq məqsədilə pusqu qurublar. O isə 21 gün sonra həmin mühasirədən çıxaraq yenidən düşmənə gözlənilməz zərbə vurmağı bacarıb.
2016-cı ilin aprelində baş verən döyüşlərin ilk günündən Pəncəli Teymurov silahdaşları ilə birlikdə düşmən təxribatının qarşısını almaq üçün döyüşə atıldı. O, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına zərbələr endirdi.
Lakin bu dəfə döyüş onun üçün sonuncu oldu. Mühasirəyə düşməsinə baxmayaraq, son nəfəsinədək vuruşdu, düşmənə ağır itkilər verdirdi və qəhrəmancasına şəhid oldu.
Pəncəli Teymurovun Vətən qarşısındakı xidmətləri və Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən də yüksək qiymətləndirildi.
Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncama əsasən, gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Bu qərar onun ailəsinin illərlə gözlədiyi tarixi qiymətin ifadəsi idi. 2026-cı il mayın 18-də isə Milli Qəhrəmanın “Qızıl Ulduz” medalı Müdafiə Nazirliyində keçirilən mərasimdə ailəsinə təqdim olundu.
Beləliklə, Pəncəli Teymurovun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə dövlət səviyyəsində də əbədi həkk olundu.
Erməni generalının məhv edilməsi, hərbçilərin olduğu avtomobilin partladılması, Aprel döyüşlərində düşmənin canlı qüvvəsinə və texnikasına endirilən zərbələr… Bunlar Pəncəli Teymurovun döyüş yolu haqqında danışılan hadisələrin yalnız bir qismidir.
Onun həyata keçirdiyi bəzi xüsusi əməliyyatlar barədə məlumatlar bu gün də geniş ictimaiyyətə açıqlanmayıb. Pəncəli haqqında danışılanlar isə onun peşəkar kəşfiyyatçı və cəsur döyüşçü kimi necə yadda qaldığını göstərir.
Şəhidin böyük qardaşı Elbrus Teymurov da onun döyüş yolundan danışarkən bu sözləri xatırladır:
“Şəhid olandan sonra döyüş yoldaşları dedi ki, Pəncəli sağ ikən öz qisasını almışdı”.
Bu sözlər Pəncəlinin həyat və döyüş yolunun mənasını ifadə edən ən təsirli fikirlərdən biridir.
Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurovun arzuları da onun xarakterindən xəbər verirdi. O, toyunda düşməndən intiqam alaraq şəhid olmağı və üçrəngli bayrağımıza bükülərək torpağa tapşırılmağı arzulayırmış.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində isə onun silahdaşları və davamçıları bu mübarizəni sona çatdırdılar. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Pəncəli Teymurov bu tarixi Zəfəri görməsə də, onun uğrunda canından keçdiyi Vətənin azadlığına aparan mübarizənin qəhrəmanlarından biri kimi yaddaşlarda yaşayır.
Belə igidlərin həyatı və döyüş yolu gələcək nəsillər üçün örnəkdir. Onlar sübut etdilər ki, Vətən sevgisi təkcə sözlə deyil, fədakarlıqla, cəsarətlə və lazım gəldikdə canından keçməklə ölçülür.
Ruhun şad olsun, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli! Sənin adın xalqımızın qəhrəmanlıq tarixində daim yaşayacaq.
Qoşqar Salmanlı





















