Rusiyanın Maqadan vilayətində fəaliyyət göstərən “Berelex” qızıl hasilatı şirkəti daşınma zamanı dəyəri 591 milyon rubldan (təxminən 12,3 milyon manat) çox olan qızılın itməsi ilə bağlı Xüsusi Rabitə Xidmətinin regional idarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Korrekt.az xəbər verir ki, bu barədə Maqadan Vilayəti Arbitraj Məhkəməsinin mətbuat xidməti açıqlama yayıb.
Məhkəmə materiallarına əsasən, cari ilin sentyabr ayında Xüsusi Rabitə Xidmətinin əməkdaşları şirkətdən Rusiyanın digər bölgələrinə çatdırılmaq üçün qiymətli və nadir torpaq metalları olan yükü təhvil alıblar. Lakin sonradan yükün bir hissəsinin itirildiyi barədə şirkət rəhbərliyinə məlumat verilib.
“Berelex” şirkəti dəymiş ziyanın ödənilməsi üçün daşıyıcıya müraciət etsə də, məsələni məhkəməyə qədər həll etmək mümkün olmayıb.
Şirkət qızılın dəyərinin kompensasiya edilməsindən əlavə, 215 min rubldan çox daşınma xərcinin və başqasının pul vəsaitlərindən istifadəyə görə 8,846 milyon rubl faizin də tutulmasını tələb edir.
Məhkəmə iddianı icraata qəbul edib. İş üzrə ilkin məhkəmə iclasının dekabrın 16-da keçirilməsi nəzərdə tutulur.





















