image-1backend

Ermənilər kimə səs verəcək? — Deputatlarımızdan maraqlı proqnozlar

image-ads-728x90

Ermənistanda yaxın günlərdə keçiriləcək seçkilər ölkədaxili siyasi rəqabətlə yanaşı, regionun gələcək siyasi trayektoriyası baxımından da diqqətlə izlənilir. Seçki kampaniyası fonunda Ermənistan cəmiyyətində revanşist və sülh gündəmini müdafiə edən qüvvələr arasında ideoloji qarşıdurmanın daha açıq şəkildə müşahidə olunduğu bildirilir

Mövzunun aktuallığını nəzərə alaraq, Modern.az məsələ ilə bağlı deputatların fikirlərini öyrənib:

Cavanşir Feyziyev – Ermənistanda ictimai- siyasi vəziyyəti yaxından izləyirəm. Seçkiqabağı təbliğat özünün ən qızğın dövrünə qədəm qoyub. Bütün təbliğat dövründə aqressiv kənar müdaxilələr baş verib. Xüsusilə Rusiya həm siyasi dairələr səviyyəsində, həm də təbliğatçı media vasitəsilə Ermənistandakı vəziyyətə kobud şəkildə müdaxilə edib və bu cəhdlər hələ də davam etməkdədir. Lakin Rusiyanın cəhdləri Ermənistandakı Rusiyayönümlü siyasi qüvvələrə öz tərəfdarlarının sayını artırmaq imkanı yaratmır.

Paşinyan höküməti vaxtaşırı olaraq Rusiyadan dəstək alan siyasi qüvvələri ifşa edir və nəticədə onların seçki reytinqi getdikcə azalır. Məsələn, hələ seçkilərə 3 ay qalmış aparılan rəy sorğusunda Paşinyanın reytinqi cəmi 30 % təşkil edirdisə bu günkü sorğular bu rəqəmin 60%- in üzərində olduğunu göstərir. Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının seçkilərdə qalib gələcəyini indidən söyləmək mümkündür. Hazırda Paşinyan tərəfdarları sadəcə digər rəqiblərdən daha çox səs toplamaq üçün yox, yeni parlamentdə Konstitusion çoxluğa nail olmaq uğrunda çalışırlar. Düşünürəm ki, onların bu şansı da var ki, seçkilərdə konstision çoxluğu əldə etsinlər və təkbaşına şəriksiz hökümət təşkil etsinlər. Bu baş verərsə Ermənistanda həyata keçməli olan islahatların yolu açılmış olacaq. Belə bir vəziyyət Azərbaycanla sülh müqaviləsinin bağlanmasına da öz müsbət təsirini göstərəcək.

Əminəm ki, yeni hökümət bu il həm də Konstitusiya islahatlarını həyata keçirəcək və bu bölgədə dövlətlərarası diplomatik və siyasi-iqtisadi münasibətlərin canlanmasına gətirib çıxaracaq. Bütün bu proseslər təkcə bölgə miqyasında deyil, bütövlükdə Avrasiya miqyasında siyasi və iqtisadi- ticari trendlərdə özünü göstərəcək. Yeni nəqliyyat-tranzit yollarının açılması Şərq-Qərb və Şimal- Cənub istiqamətində iqtisadi fəallığı intensivləşdirəcək və bu da nəticə etibarilə Avrasiya miqyasında geo- siyasi prioritetlərin yenidən və daha uğurlu şəkildə formalaşmasına səbəb ola bilər.

Kamran Bayramov – Ermənistanda keçirilən seçki kampaniyası və mövcud ictimai-siyasi vəziyyət həm ölkənin daxili dinamikası, həm də Cənubi Qafqazın yeni geosiyasi reallıqları baxımından olduqca kritik bir mərhələyə təsadüf edir. Bölgədəki prosesləri yaxından izləyən bir analitik kəsişmədən baxdıqda, bu seçkilər sadəcə hökumət dəyişikliyi deyil, Ermənistanın gələcək xarici siyasi kursunun və regiondakı statusunun müəyyənləşməsi missiyasını daşıyır.

Mövcud hakimiyyət ciddi inzibati resurslara malikdir və Qərbə inteqrasiya, delimitasiya prosesinin davam etdirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi kimi layihələrlə seçicini real sülhün mümkünlüyünə inandırmağa çalışır. Reytinqi əvvəlki illərə nisbətən aşağı düşsə də, qarşısında real və ağlabatan alternativ olmadığı üçün hələ də şanslı tərəflərdən biridir.

Revanşist və rusiyayönümlü qüvvələrin isə əsas arqumenti hakimiyyətin sülh siyasətini “güzəşt və məğlubiyyət” kimi qələmə verməkdir. Onlar cəmiyyətin milli hisslərini manipulyasiya etməyə çalışırlar.

Paşinyan hakimiyyətinin qalması və ya bənzər xətti yürüdən qüvvələrin qalib gəlməsi Qərbin regiona nüfuz etməsi üçün mühüm şərtdir. Moskva isə Ermənistanın öz orbitindən tamamilə uzaqlaşmasını qəbul etmək istəmir və seçkilər vasitəsilə İrəvanda daha idarəolunan, özünə sadiq və Qərb əleyhinə olan bir hökumətin qurulmasına çalışır.

Əgər Paşinyan və ya ona yaxın mövqedə olan qüvvələr seçkidən uğurla çıxsa, Azərbaycanla başlanmış delimitasiya və demarkasiya prosesi, eləcə də sülh müqaviləsi üzrə danışıqlar davam edəcək. Bu ssenaridə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan və konstitusiya dəyişikliyi (Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsi) istiqamətində addımlar atan xətti qorunub saxlanıla bilər. Əgər hakimiyyətə radikal millətçi və ya rusiyayönümlü qüvvələr gələrsə, Azərbaycanla münasibətlərdə ciddi bir “dondurulma” və ya geriləmə dövrü başlaya bilər. Yeni gələn qüvvələr indiyə qədər əldə olunmuş razılaşmaları şübhə altına almağa çalışa bilərlər.

Sevinc Fətəliyeva – Seçki kampaniyası qarşılıqlı ittihamlar, informasiya mübarizəsi, siyasi qalmaqallar və gərginlik fonunda keçir. Hakimiyyətə qarşı narazılıq yüksək olsa da, erməni cəmiyyətində revanşist ritorikadan və radikalizmdən ciddi yorğunluq hiss olunur. Bir çox vətəndaş Paşinyanı tənqid etsə də, köhnə siyasi elitanın hakimiyyətə qayıdışından ehtiyat edir. Biz müşahidə edirik ki, seçki ərəfəsində Rusiya ənənəvi alətlərdən istifadə edir. Bunlar siyasi təzyiq, informasiya kampaniyaları, Rusiyaya yaxın siyasi dairələrin dəstəklənməsi və Ermənistanın iqtisadi asılılığının xatırladılmasıdır. Amma bu alətlərin effektivliyi əvvəlki kimi deyil.

Azərbaycan üçün isə əsas məsələ gələcək Baş nazirin kimliyi deyil. Əsas sual budur: Ermənistan siyasi sistemi ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtina etməyə, Konstitusiyaya dəyişiklik etməyə və beynəlxalq hüquq prinsipləri əsasında sülh prosesini başa çatdırmağa hazırdırmı? Məhz bu, seçkilərin əsas nəticə göstəricisi olacaq. Əgər seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qalarsa, sülh prosesinin davam etməsi ehtimalı daha yüksək görünür.

Nigar Məmmədova – Ermənistanda seçki kampaniyasında siyasi mübarizə sosial-iqtisadi proqramlardan daha çox regional vəziyyət və sülh prosesi oldu. Hakimiyyət nümayəndələri Azərbaycanla münasibətlərin normallaşdırılması və regionda uzunmüddətli sabitliyin təmin edilməsinin vacibliyini vurğulayır, müxalifət isə hökuməti milli maraqlarda güzəştlərə getməkdə ittiham edir. Bununla belə, əksər sorğu və təhlillərdə Nikol Paşinyanın rəhbərlik etdiyi hakim qüvvə olan Vətəndaş Müqaviləsi lider hesab olunur. Lakin bir çox mənbələr qeyd edir ki, onun qələbəsi mütləq səs çoxluğu demək deyil və qərarsız seçicilər çoxdur. Müxalifətin aqibəti də qərarsız seçicilərin davranışından və iştirak səviyyəsindən asılıdır.

Regional baxımdan bu seçkilər təkcə Ermənistan üçün deyil, həm də bütün Cənubi Qafqaz üçün mühüm bir mərhələ kimi qəbul edilir. Belə ki, seçkilərin nəticələri sülh prosesini davam etdirmək və ya revanşist yanaşma arasında seçim kimi qiymətləndirilir. Paşinyan qalib gələcəyi təqdirdə sülh müqaviləsi üzrə danışıqlar davam edəcək. Görünən budur ki, xarici siyasətdə isə balanslaşmaya üstülük veriləcək. Seçkidən sonra formalaşacaq hökumətin seçəcəyi siyasi kurs Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf dinamikasına birbaşa təsir göstərəcək. Nəticələr mübahisəli olarsa və ya daxili siyasi böhran yaranarsa, sülh prosesindən daha çox diqqət daxili siyasətə yönələcək.

Nəsib Məhəməliyev – Təbii ki, Ermənistanda keçiriləcək seçki prosesini mətbuat vasitəsilə izləyirəm. Reallıq ondan ibarətdir ki, söhbət bir ölkənin qanunvericilik orqanının formalaşmasından daha çox, bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyindən, gələcəyindən gedir. Seçkilər yaxınlaşdıqca Ermənistan cəmiyyətində gərginlik artır, bəzi hallarda ictimai-siyasi sabitliyin pozulması, qarşıdurma halları baş verir. Siyasi opponentlər bir – birilərini dövlətə xəyanətkarlıqda, müxtəlif xarici qüvvələrə işləməkdə ittiham edirlər. Hətta həbslər də həyata keçirilir.

Bütün bunlar, Cənubi Qafqaz uğrunda ciddi geosiyasi rəqabətin getdiyindən xəbər verir. 7 iyun seçkiləri, 200 ildən bəri gedən rəqabətin kulminasiya nöqtəsi ola bilər. Hazırki vəziyyətə görə deyə bilərik ki, erməni xalqı Paşinyana səs verəcək. Eyni zamanda, seçkdən sonra uduzan tərəfdən iğtişaşların, qarşıdurmaların, təxribatların törədilməsi gözlənilənir. Müxalifətin hakimiyyətə gəlməsi, (mən bunu istisna edirəm), regionda gərginliyin artmasına, Ermənistanla indiyə qədər əldə olunmuş razılaşmaların pozulmasına səbəb ola bilər. Bu da, qətiyyən arzu olunan deyil, bütövlükdə region üçün təhlükəlidir. Bizim və erməni xalqı üçün sülh prosesinin, iqtisadi əməkdaşlığın davam etdirilməsi lazımdır.

Fariz İsmayılzadə – Təbii ki, mən bu prosesləri izləyirəm və orada ideoloji bir mübarizə gedir. Yəni söhbət təkcə parlament seçkilərindən getmir. Ümumilikdə götürsək, Ermənistanın gələcəyi və onun ideoloji bazası uğrunda mübarizə gedir. Yəni revanşistlər və qonşulara qarşı nifrət siyasətini irəli sürən ideologiya ilə barışıq və sülh ideologiyası arasında mübarizə gedir.

Ermənistan cəmiyyətinin ideoloji bazası və milli kimliyi son 100 ildə şovinizm, millətçilik və nifrət üzərində qurulub. İndi isə Paşinyan bunu dəyişməyə çalışır və bu, çox həlledici bir mübarizədir. Ona qarşı birləşən kilsə, müxalifət, diaspora və oliqarxlar da məhz həmin nifrət ideologiyasını qoruyub saxlamağa çalışırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki