“Real Madrid” klubunun prezidentliyinə namizəd Enrike Rikelme seçiləcəyi təqdirdə böyük transferlər reallaşdıracağını açıqlayıb.
Korrekt.az xəbər verir ki, bu barədə məlumat Fabrizio Romano tərəfindən yayılıb.
O bildirib ki, seçkilərdə qalib gələcəyi halda əsas hədəfi norveçli ulduz hücumçu Erling Holand olacaq:
“Seçkilərin qalibi olsam, ulduz transferim Holand olacaq. Onun müqaviləsində sərbəstqalma məbləği var. Həmçinin Rodri də ‘Los Blankos’a qoşulacaq”, – deyə Rikelme vurğulayıb.
Namizəd əlavə edib ki, verdiyi sözləri yerinə yetirməyəcəyi halda klub üzvlərinə kompensasiya ödəməyə hazırdır:
“Sözümü tutmasam, 100 min klub üzvünün illik üzvlük haqqını özüm ödəyəcəyəm”.
Bununla belə, tanınmış jurnalist Fabrizio Romano bu iddialara aydınlıq gətirib. Onun sözlərinə görə, Holandın müqaviləsindəki sərbəstqalma məbləği yalnız 2029-cu ildən etibarən qüvvəyə minəcək.
Eyni zamanda, futbolçunun yaxın çevrəsi də yayılan məlumatları təkzib edib. Holandın atası Alf-İnge Holand və agenti Rafaela Pimenta bildiriblər ki, Rikelmenin açıqlamaları maraqlı səslənsə də, reallığı əks etdirmir.





















