Ermənistanda vətəndaşlıqla bağlı dövlət rüsumlarının kəskin artırılması təklif olunur.
Korrekt.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyi vətəndaşlığın alınması üçün dövlət rüsumunun hazırkı 50 min dramdan (təxminən 235 manat) 250 min drama (təxminən 1 174 manat) qaldırılmasını təklif edib.
Vətəndaşlığa xitam verilməsi üçün dövlət rüsumunun isə 150 min dramdan (təxminən 704 manat) 1,5 milyon drama (təxminən 7 044 manat) qədər artırılması nəzərdə tutulur.
Müvafiq qanun layihəsi Daxili İşlər Nazirliyi tərəfindən ictimai müzakirəyə təqdim edilib.
Nazirliyin layihəyə dair əsaslandırmasında bildirilir ki, son illərdə Ermənistan vətəndaşlığı almaq üçün müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb.
Məlumata görə, 1 yanvar 2021-ci ildən 31 avqust 2026-cı ilədək 110 219 nəfər Ermənistan vətəndaşlığı alıb. Eyni dövrdə 108 002 nəfər “099” kodu ilə pasport əldə edib.
Əsaslandırmada son 15 ilin statistik göstəricilərinə də diqqət çəkilib. Bildirilir ki, hər il təxminən 250 min nəfər Ermənistan vətəndaşlığı alıb və onların əksəriyyəti Ermənistanda heç vaxt daimi yaşayış yeri müəyyən etməyib.
Ermənistan Daxili İşlər Nazirliyi hesab edir ki, bu vəziyyət vətəndaşlıq institutunun mahiyyətini zəiflədir və qanunvericilik yanaşmalarının yenidən nəzərdən keçirilməsini zəruri edir.
Nazirliyin mövqeyinə görə, vətəndaşlıq yalnız Ermənistan pasportunun əldə edilməsi üçün verilən hüquqi imkan kimi qiymətləndirilməməlidir. Vətəndaşlıq alan şəxsin ölkənin konstitusiya dəyərlərini, hüquq və azadlıqlarını, eləcə də dövlət qarşısında öhdəliklərini qəbul etməsi vacibdir.
Sənəddə qeyd olunur ki, Ermənistan vətəndaşlığı almaq istəyən şəxsin müəyyən müddət ölkədə yaşaması, cəmiyyətlə tanış olması, sosial əlaqələr qurması və ictimai həyatda iştirak etməsi məqsədəuyğundur.
Təklif qəbul edilərsə, Ermənistan vətəndaşlığının alınması üçün rüsum 5 dəfə, vətəndaşlıqdan çıxmaq üçün dövlət rüsumu isə 10 dəfə artırılacaq.





















