Fransa vətəndaşı, Azərbaycanda Fransanın xeyrinə casusluqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Ryan Martin Riçard əfv olunub.
Ryan Martin Riçard Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəranda yerləşən cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Bu barədə Penitensiar Xidmət rəisinin müavini, general-mayor Oqtay Məmmədov Əfv Sərəncamının icrası ilə bağlı tədbir zamanı məlumat verib.
Onun sözlərinə görə, Lənkərandakı cəzaçəkmə müəssisəsində saxlanılan iki məhbus əfv olunaraq azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır.
Ümumilikdə Naxçıvandakı cəzaçəkmə müəssisəsindən iki, Lənkərandakı müəssisədən isə iki nəfər olmaqla, dörd məhbus cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamı 20 nəfərə şamil olunub. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, biri isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərdir.
Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, daha bir Fransa vətəndaşı – Fransanın “Saur” şirkətinin top meneceri Anass Derraz da Azərbaycanda 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun əfv olunması ilə bağlı hələlik məlumat yoxdur.
Bundan əvvəl “Financial Times” qəzeti Fransanın Azərbaycanda həbsdə olan vətəndaşlarının azadlığa buraxılması istiqamətində səyləri çərçivəsində özbəkistanlı-rusiyalı milyarder Əlişir Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması üçün dəstək axtardığını yazmışdı. Azərbaycan tərəfi isə bu məlumatı qəti şəkildə təkzib edib.





















