Çin Xalq Respublikasının Şanxay şəhərində baş tutacaq “WorldSkills Shangai 2026” 48-ci beynəlxalq bacarıq yarışlarının açılış mərasimi keçirilib. 23-26 sentyabr tarixlərində baş tutacaq yarışlarda 70 ölkədən 1400 iştirakçı 6 sektor üzrə 64 fərqli bacarıq üzrə yarışacaq. Ölkəmiz bu yarışlarda 7 bacarıq üzrə təmsil olunur.
Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, eyni zamanda “WorldSkills Azerbaijan” platformasının rəsmi nümayəndəsi olan İlqar Bayramlı rəhbərlik etdiyi “WorldSkills Azerbaijan” nümayəndə heyəti ilə birlikdə iştirak edib. Mərasimdə “avtomobil texnologiyaları” bacarığı üzrə “WorldSkills Azerbaijan” komandasının eksperti Elvar Baxşıyev “WorldSkills Azerbaijan” platforması adından “WorldSkills” qaydalarına riayət ediləcəyinə dair and içib.
4 gün davam edəcək beynəlxalq yarışlarda “WorldSkills Azerbaijan” komandasının üzvləri – Cahid Güləhmədov “qaynaq”, Çərkəz Vəliyev “avtomobil texnologiyaları”, Elsevər Yaqublu “dəmiryol nəqliyyatı texnologiyaları”, Orxan Mustafayev “elektronika”, Emil Hüseynov “veb texnologiyaları”, Cavid Məmmədov “aşpazlıq”, Məhərrəmli Əli və Kazımlı Yusif isə “kibertəhlükəsizlik” bacarığı üzrə yarışacaqlar.
“WorldSkills Shanghai 2026” yarışında 8 yarışçı və 7 eskpert ilə təmsil olunan “WorldSkills Azerbaijan” komandasının üzvləri 2025–2026-cı illərdə keçirilmiş “WS Azerbaijan” milli yarışlarının qalibləri arasından seçilib və beynəlxalq müsabiqəyə hazırlıq təlimləri keçiblər. Onlar beynəlxalq arenada müxtəlif peşə istiqamətləri üzrə öz texniki bacarıq və səriştələrini nümayiş etdirəcəklər.
Qeyd edək ki, ölkədə peşə təhsilinin nüfuzunun artırılması, peşə bacarıqlarının inkişafı, məzunların bacarıqlarının beynəlxalq kvalifikasiyalara inteqrasiyası ilə məşğulluğuna dəstək olunması, peşə təhsilinin qlobal standartlara uyğunlaşdırılması və gənclərin beynəlxalq arenada tanınması məqsədilə Azərbaycan Respublikası dünyada “bacarıq/peşələrin olimpiadası” kimi tanınan WorldSkills International (WSI) təşkilatına 2020-ci ildə 85-ci həqiqi üzv olaraq qəbul edilib.
2023-cü ildə “WorldSkills Azerbaijan” İctimai Birliyi milli platforma kimi fəaliyyətə başlayıb. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.





















