image-1backend

RUSİYADA MİQRANTLARA YENİ QADAĞALAR – Azərbaycanlılar bu işlərdə işləyə bilməyəcək

image-ads-728x90

Rusiyada miqrantlara qarşı məhdudiyyətlər durmadan artır. Əlbəttə ki, bu məhdudiyyətlər və qadağalar Rusiyada yaşayan həmvətənlərimiz üçün də əlavə problemlər yaratmaqdadır.

Korrekt.az  Rusiya mediasına istinadla xəbər verir ki, gələn ildən etibarən Rusiyanın daha səkkiz vilayətində miqrantlara taksi sürücüsü kimi işləmək qadağan ediləcək.

Bunlara Tatarıstan, Mordoviya, Çuvaşiya, Udmurtiya, Sverdlovsk, Orenburq, Ulyanovsk və Yəhudi Muxtar Vilayətləri daxildir. Kaluqa vilayətində isə miqrantlara kuryer kimi işləmək qadağan ediləcək.

Bu qadağalarla bağlı sənəd Rusiya Əmək Nazirliyi tərəfindən hazırlanıb. Ona Baş nazir Mixail Mişustinin imza atması gözlənilir. Ümumilikdə məhdudiyyətlər həm federal səviyyədə, həm də regional hakimiyyət orqanları tərəfindən müəyyən edilir. Bu məhdudiyyətlər, digər miqrantlarla yanaşı, taksi sürücüsü kimi çalışan Azərbaycan vətəndaşlarına da təsir edəcək.

Qeyd edək ki, bunlar heç də miqrantlara qarşı ilk qadağalar deyil. Bundan əvvəl onlara Rusiyanın bir çox vilayətlərində taksi xidmətilə yanaşı, iaşə, təhsil və ictimai nəqliyyatda işləmək qadağan edilib.

Rusiyada miqrantlara qarşı bu addımlar ən yüksək səviyyədə dəstəklənir. Rusiya Daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasının bu yaxınlarda keçirilən iclasında bildirib ki, miqrantlarla bağlı yeni hökumət siyasətinin tətbiqi ölkədə onların sayını və törətdikləri cinayətlərin sayını azaldıb. O bildirib ki, 2026-cı ildə 290.000 xarici vətəndaş üçün Rusiyaya giriş məhdudlaşdırılıb.

İlin ilk doqquz ayında Rusiyaya ümumi miqrasiya axını ötən illə müqayisədə 10%, Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı isə üçdə bir qədər azalıb.

İlin əvvəlindən bəri Rusiyadan təxminən 120.000 miqrant qanun pozuntularına görə deportasiya edilib. Nazir bildirib ki, daha çox miqrant deportasiya edilə bilər, lakin bunun üçün maliyyələşdirmə tələb olunacaq.

Nazir bildirib ki, miqrantlar üçün yeni məhdudiyyətlər tətbiq edən qanunvericilik təşəbbüsü artıq hökumətə təqdim edilib. Bu qanun layihəsinə əsasən, gələn ildən etibarən miqrant işçilər hər gələn ailə üzvü üçün vergi ödəməli olacaqlar. Qanun miqrant işçilərin işsiz qohumlarını Rusiyaya gətirmək imkanlarını məhdudlaşdırır.

Bundan öncə Moskva və Sankt-Peterburqda eksperimental olaraq tətbiq edilmiş yeni qaydanın əhatə dairəsini genişləndirmək planları üzərində iş gedir. Bu qayda miqrantların telefonlarına onların yerlərini, hərəkətlərini, telefon danışıqlarını və yazışmalarını müəyyən etməyə imkan verən “Amina” adlı xüsusi proqram təminatının məcburi quraşdırılmasını tələb edir. Kolokoltsev bildirib ki, bu təcrübəni digər bölgələrdə tədricən tətbiq etmək üçün hazırlıqlar gedir.

Daxili İşlər Nazirliyinin təklif etdiyi digər bir yenilik miqrantlardan sənədlərin qəbulunu yalnız iki təşkilatla məhdudlaşdırmaqdır: Daxili İşlər Nazirliyinin Pasport və Viza Xidməti və Moskva Hökumətinin Miqrasiya Mərkəzi.

Bundan əlavə, miqrantlar üçün tibbi müayinələr yalnız dövlət xəstəxanalarında aparılacaq. Gələn ildən etibarən Rusiyanın regionlarındakı yerli hakimiyyət orqanları da miqrantlarla bağlı qaydaları sərtləşdirmək üçün geniş səlahiyyətlər alacaqlar.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki