Dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və geyim qaydaları tələbi son günlər yenidən gündəmə gəlib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişikliklər çərçivəsində həm açıq-saçıq geyimlərə, həm də hicaba məhdudiyyət qoyulması məsələsi müzakirələrə səbəb olub. Qərarın səbəbləri, zərurəti və mümkün nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mövzu ilə bağlı Publika.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-şair İlqar Fəhmi isə qərarın arxasında müəyyən zərurətin dayandığını qeyd etdi.
“Əgər belə bir qərar qəbul olunubsa, deməli, buna zərurət yaranıb. Biz bunu tam anlamasaq da, qərarı qəbul edənlər onun səbəblərini bilirlər. Lakin bu zərurətin nədən qaynaqlandığını və arxa planda hansı məqamların dayandığını bütün təfərrüatı ilə açıqlamaq mümkün deyil. Bu, aidiyyəti orqanların işidir”, – deyə İlqar Fəhmi bildirdi.
Onun sözlərinə görə, dövlət heç bir qərarı səbəbsiz qəbul etmir: “Hər bir qərar aylarla, hətta illərlə müzakirə olunur, hərtərəfli araşdırılır, bütün tərəfləri öyrənilir və təhlil edilir”.
Azərbaycan Yazıçılar Birliyinin katibinin fikrincə, araşdırmaların nəticəsində belə bir qərar qəbul edilibsə, deməli, bu, zəruri hesab olunub.
Şair məktəblərdə hicabın qadağan olunması qərarını dəstəklədiyini də əlavə etdi.




















