5 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Sağlamlıq” istiqaməti üzrə “Könüllünün psixoloji dayanıqlılığı” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin kafedra müəllimi, uzman klinik (tibbi) psixoloq Narınc Rüstəmova tərəfindən könüllülərə psixoloji dayanıqlılığın əhəmiyyəti, stresli vəziyyətlərin idarə olunması, emosional tarazlığın qorunması və gündəlik fəaliyyət zamanı psixoloji resurslardan düzgün istifadə ilə bağlı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçıların sualları cavablandırılıb, onların psixoloji rifahının qorunması və müxtəlif situasiyalarda sağlam psixoloji yanaşmanın formalaşdırılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Görüşün keçirilməsində əsas məqsəd könüllülərin psixoloji dayanıqlılıq və emosional özünütənzimləmə bacarıqlarının inkişaf etdirilməsinə, onların gündəlik fəaliyyət zamanı qarşılaşa biləcəkləri psixoloji çətinliklərin daha effektiv idarə olunmasına dəstək göstərmək olub.





















