İranın İordaniyada yerləşən ABŞ hərbi bazasına zərbə endirdiyi və nəticədə bir neçə Amerika hərbi təyyarəsinin məhv edildiyi xəbəri yayılıb.
Korrekt.az xəbər verir ki, CBS News müxbiri Jennifer Jacobs sosial şəbəkədəki paylaşımında mənbələrə istinadən bildirib ki, çərşənbə axşamı gecə ABŞ-ın İordaniyadakı Müvəffək əs-Salti (Mawaffaq Salti) aviabazasına endirilən zərbələr nəticəsində bir neçə ABŞ hərbi təyyarəsi zərər görüb.
Məlumata görə, A-10 Thunderbolt II hücum təyyarələrindən biri ciddi zədələnib və qanadını itirib. Bundan başqa, təxminən 8 ədəd F-15 qırıcısının yüngül zədələndiyi, lakin sonradan yenidən istismara qaytarıldığı bildirilir.
Jacobsun məlumatına əsasən, ABŞ hava hücumundan müdafiə qüvvələri hücumun qarşısını almaq üçün 30-dan çox Patriot raketindən istifadə edib.
Jurnalist iddia edib ki, bazaya endirilən zərbələr ABŞ-ın daha əvvəl İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiyə hücumuna cavab olaraq İranın beş tankerinə qarşı keçirdiyi əməliyyatlarla əlaqəlidir.
Beləliklə, yayılan məlumatlar təsdiqlənərsə, İranın ABŞ-ın regiondakı mühüm hərbi infrastrukturuna zərbəsi Vaşinqtonla Tehran arasında qarşıdurmanın daha da kəskinləşdiyini göstərə bilər.





















