İran Prezidenti Məsud Pezeşkian İran ilə ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirib. Korrekt.az xəbər verir ki,o, Omanda keçirilən görüşlərin irəliyə doğru atılmış mühüm addım olduğunu bildirib.
Prezident Pezeşkian sosial şəbəkə X platformasında paylaşımında qeyd edib ki, regiondakı dost ölkələrin vasitəçiliyi ilə təşkil olunan İran–ABŞ danışıqları tərəflər arasında dialoqun inkişafına xidmət edir. Onun sözlərinə görə, dialoq həmişə Tehranın mübahisələrin sülh yolu ilə həlli üçün əsas strategiyası olub.
Pezeşkian vurğulayıb ki, İranın nüvə məsələsinə yanaşması Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) təsbit edilmiş qanuni hüquqlara əsaslanır:
“İran xalqı hər zaman hörmətə hörmətlə cavab verib, lakin güc dilini qəbul etmir”, – deyə o bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyun ayında İsrail və ABŞ-ın İrana qarşı hücumlarından sonra dayandırılmışdı. Sözügedən danışıqlar Omanda yenidən bərpa olunub.
Görüşlər Tehranla Vaşinqton arasında gərginliyin artdığı, eləcə də ABŞ-ın regionda hərbi mövcudluğunu gücləndirdiyi bir dövrdə baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Maskatda keçirilən danışıqlar tərəflərin müzakirələri davam etdirmək barədə razılığa gəlməsi ilə yekunlaşıb.





















