image-903070657_29580854018272327_3937560905228752068_nbackend

Azərbaycanın artan geosiyasi çəkisi Avropanın siyasi dialoqunda ölkəmizin rolunu daha da aktuallaşdırır

image-ads-728x90

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Eyni zamanda, onların regional proseslərə təsir imkanları, beynəlxalq əməkdaşlıqda oynadıqları rol, strateji təşəbbüsləri və mürəkkəb geosiyasi şəraitdə müstəqil qərarlar qəbul etmək bacarığı da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın son illərdə qazandığı beynəlxalq mövqe və Avropa dövlətləri ilə münasibətlərinin inkişaf dinamikası xüsusi diqqətə layiqdir.

Noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı da bu reallığı bir daha nümayiş etdirir. Avropa liderlərinin təhlükəsizlik, enerji, iqtisadi rəqabətqabiliyyətlilik və nəqliyyat bağlantıları kimi məsələləri müzakirə etdiyi bir platformada Azərbaycanın təmsil olunması ölkəmizin strateji əhəmiyyətinin göstəricisidir. Hesab edirəm ki, bu gün Avropa üçün Azərbaycanla dialoq yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Avropa ilə Asiya arasında yeni geosiyasi və geoiqtisadi münasibətlərin formalaşması baxımından vacibdir.

Burada xüsusi diqqət çəkən məqam Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik xarici siyasət kursudur. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini milli maraqlar əsasında quraraq beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe formalaşdırıb. Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, ölkəmiz qlobal proseslərdə kənar müşahidəçi mövqeyində qalmır, əksinə, regional və beynəlxalq gündəliyin mühüm məsələləri ilə bağlı öz mövqeyini ortaya qoyur.

Avropanın Azərbaycanla əməkdaşlığa marağını şərtləndirən əsas amillərdən biri enerji təhlükəsizliyidir. Son illərdə Avropanın enerji təchizatında yaranan yeni reallıqlar etibarlı tərəfdaşların və alternativ mənbələrin əhəmiyyətini daha da artırıb. Bu prosesdə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib. Lakin ölkəmizin Avropa üçün əhəmiyyətini yalnız təbii qaz ixracı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Bərpaolunan enerji sahəsindəki potensialımız, Xəzər dənizinin külək enerjisi imkanları və yaşıl enerji dəhlizləri ilə bağlı təşəbbüslər Azərbaycanın gələcək enerji əməkdaşlığında da mühüm rol oynaya biləcəyini göstərir.
Digər mühüm istiqamət Orta Dəhlizdir. Bu marşrut Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və siyasi üstünlüyə çevirən strateji layihələrdən biridir. Avropa ilə Asiya arasında ticarət və nəqliyyat əlaqələrinin şaxələndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin edilməsi və yeni logistika imkanlarının yaradılması ölkəmizin beynəlxalq əhəmiyyətini artırır. Başqa sözlə, Azərbaycan artıq yalnız enerji resurslarının ötürüldüyü məkan deyil, həm də qitələr arasında iqtisadi əlaqələrin formalaşmasında iştirak edən mühüm tranzit və logistika mərkəzidir.

Bu kontekstdə Azərbaycanın rəqəmsal bağlantılar sahəsindəki potensialını da xüsusi qeyd etmək lazımdır. Müasir dünyada geosiyasi üstünlük yalnız enerji ehtiyatları və nəqliyyat marşrutları ilə müəyyənləşmir. Rəqəmsal kommunikasiya xətləri, məlumat ötürülməsi və informasiya infrastrukturu da dövlətlərin strateji əhəmiyyətini müəyyən edən amillərə çevrilir. Oktyabrın 16-da Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Xəzər dənizinin dibi ilə çəkilmiş Transxəzər fiber-optik kabelinin istifadəyə verilməsi bu baxımdan mühüm hadisədir. Layihə Avropa ilə Asiya arasında yüksək tutumlu rəqəmsal bağlantı imkanlarını genişləndirir. Beləliklə, Azərbaycan Orta Dəhlizin yalnız fiziki deyil, həm də rəqəmsal infrastrukturunun inkişafında iştirak edən mühüm ölkəyə çevrilir.

Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran digər mühüm amil iqtisadi münasibətlərin qarşılıqlı xarakter daşımasıdır. Avropa İttifaqı 2024-cü ildə Azərbaycanın ümumi mal ticarətinin 41,2 faizini təşkil etməklə ölkəmizin əsas ticarət tərəfdaşı olub. Azərbaycanın ixracında Avropa İttifaqının payı isə 63,3 faiz təşkil edib. Bu rəqəmlər göstərir ki, Azərbaycan-Avropa münasibətləri yalnız enerji təchizatı ilə məhdudlaşmır. Avropa bazarlarına çıxış, investisiyalar, texnologiya transferi və iqtisadiyyatın şaxələndirilməsi də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu qarşılıqlı iqtisadi maraqlar tərəfdaşlığın uzunmüddətli perspektivlərini müəyyən edən əsas amillərdəndir.

Məncə, Azərbaycanın geosiyasi çəkisinin artmasını şərtləndirən ən mühüm xüsusiyyətlərdən biri də ölkəmizin müxtəlif regional proseslərdə müstəqil mövqe nümayiş etdirmək imkanına malik olmasıdır. Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar, Ermənistanla sülh gündəliyi və regional kommunikasiyaların açılması perspektivləri Azərbaycanın rolunu daha da aktuallaşdırır. Çünki regionda dayanıqlı sülhün təmin olunması yalnız Azərbaycan və Ermənistan üçün deyil, Avropanın Mərkəzi Asiyaya çıxış imkanları, nəqliyyat təhlükəsizliyi və iqtisadi əməkdaşlıq baxımından da mühüm nəticələr vəd edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi diplomatik fəallıq və COP29-a ev sahibliyi zamanı ortaya qoyduğu təşkilatçılıq imkanları da ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edib. Bu təcrübə Azərbaycanın yalnız regional məsələlərdə deyil, qlobal əhəmiyyətli problemlərin müzakirəsində də söz sahibi olmaq imkanlarını genişləndirib. Bu mənada ölkəmizin beynəlxalq münasibətlər sistemində orta güc kimi mövqeyinin möhkəmlənməsi təsadüfi deyil, ardıcıl siyasi və diplomatik fəaliyyətin nəticəsidir.

Avropa liderlərinin Prezident İlham Əliyevin mövqeyinə marağını da məhz bu amillərin məcmusu ilə izah etmək lazımdır. Çünki Azərbaycan rəhbərliyinin səsləndirdiyi fikirlər təkcə ölkəmizin milli maraqlarını deyil, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitlik və beynəlxalq əməkdaşlıq kimi Avropanın öz gələcəyi üçün əhəmiyyətli olan məsələləri əhatə edir.
Bu marağın konkret siyasi ifadələrini də görürük. Noyabrın 12-də Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyinin Avropa İttifaqının bütün Cənubi Qafqazla əlaqələrini intensivləşdirmək üçün mühüm imkan yaradacağını bildirib. O, Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsindəki rolunu da xüsusi vurğulayıb. Bu açıqlama əhəmiyyətlidir. Çünki Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyəti artıq yalnız ölkəmizin siyasi qiymətləndirmələrində deyil, Avropa dövlətlərinin rəhbərlərinin açıqlamalarında da öz əksini tapır. Bu, Azərbaycanla əməkdaşlığın Avropanın konkret strateji maraqlarına xidmət etdiyinin göstəricisidir.

Burada 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısının Azərbaycanda keçirilməsi qərarını da xüsusi qeyd etmək lazımdır. Bu hadisəyə sadəcə beynəlxalq tədbirə ev sahibliyi kimi yanaşmaq doğru olmazdı. Avropa Siyasi Birliyi Avropa İttifaqına üzv olmayan dövlətləri də əhatə edən geniş siyasi dialoq platformasıdır. Belə bir toplantının Bakıda keçirilməsi Azərbaycanın Avropa siyasi məkanında dialoq və əməkdaşlıq üçün mühüm ünvanlardan biri kimi mövqeyini gücləndirəcək. Daha əhəmiyyətlisi, bu platforma ölkəmizə Avropanın müxtəlif dövlətləri ilə birbaşa siyasi təmasları genişləndirmək və regional məsələlərə dair mövqeyini daha geniş auditoriyaya çatdırmaq imkanı verəcək.

Mən hesab edirəm ki, Azərbaycanın beynəlxalq diplomatik çəkisinin artmasını yalnız Avropa istiqaməti ilə də məhdudlaşdırmaq olmaz. Ölkəmizin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və Zirvə toplantısına ev sahibliyi, 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyi, eləcə də müxtəlif regional platformalardakı fəallığı Azərbaycanın geniş coğrafiyada diplomatik əlaqələr qurmaq imkanlarını nümayiş etdirir. Bu, ölkəmizin xarici siyasətinin coğrafi və siyasi baxımdan şaxələndiyini göstərən mühüm amildir.

Müasir dövrdə Avropanın təhlükəsizlik anlayışı da dəyişir. Artıq təhlükəsizlik yalnız hərbi müdafiə və sərhədlərin qorunması ilə məhdudlaşmır. Enerji təchizatının fasiləsizliyi, nəqliyyat xətlərinin təhlükəsizliyi, kibertəhlükəsizlik, informasiya müharibələri və təchizat zəncirlərinin dayanıqlılığı da bu anlayışın mühüm tərkib hissəsinə çevrilib. Dublində keçirilən Zirvə toplantısının gündəliyində iqtisadi dayanıqlılıq, rəqəmsal inkişaf, nəqliyyat bağlantıları və hibrid təhdidlərə qarşı mübarizənin yer alması bunu təsdiqləyir. Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, eləcə də regional proseslərdəki rolu bu yeni təhlükəsizlik arxitekturasında ölkəmizin əhəmiyyətini artırır.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim: Azərbaycanın artan geosiyasi çəkisi onun hansısa dövlətlərlə münasibətlərini digər tərəfdaşlar hesabına qurması ilə deyil, müxtəlif istiqamətlərdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanlarını genişləndirməsi ilə bağlıdır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə, Avropa ilə strateji enerji və iqtisadi əməkdaşlığa, Mərkəzi Asiya ölkələri ilə inkişaf edən əlaqələrə, Çinlə genişlənən tərəfdaşlığa malikdir. Eyni zamanda, Rusiya və İranla qonşuluq münasibətlərində milli maraqlarını əsas götürür. Bu müxtəlif geosiyasi istiqamətlər arasında balanslı münasibətlər qurmaq bacarığı ölkəmizin xarici siyasətinin mühüm üstünlüklərindən biridir.

Nəticə etibarilə, Azərbaycanın beynəlxalq nüfuzunun artması ayrı-ayrı diplomatik görüşlərin və beynəlxalq tədbirlərdə iştirakın nəticəsi kimi deyil, enerji, nəqliyyat, təhlükəsizlik, regional sülh, rəqəmsal bağlantılar və qlobal diplomatiya istiqamətlərində formalaşan strateji imkanların məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Bu gün Avropa Azərbaycanla münasibətlərdə yalnız mövcud əməkdaşlıq imkanlarını deyil, həm də gələcək geosiyasi və geoiqtisadi perspektivləri nəzərə alır.

Prezident İlham Əliyevin beynəlxalq platformalarda mövqeyinə göstərilən diqqətin əsas səbəbi də Azərbaycanın dəyişən dünya nizamında getdikcə daha mühüm tərəfdaşa çevrilməsidir. Əslində, bu gün Azərbaycanın artan geosiyasi çəkisi ölkəmizin beynəlxalq münasibətlər sistemində yalnız iştirakçı deyil, həm də müəyyən proseslərin istiqamətinə təsir göstərmək potensialına malik dövlət kimi mövqeyini möhkəmləndirir.

Fərid Şahbazlı,
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki