İranın vitse-prezidenti Məhəmmədrza Arif ölkədə qiymət artımı və əhalinin gəlirləri ilə xərcləri arasındakı fərqlə bağlı vətəndaşlardan üzr istəyib.
Korrekt.az xəbər verir ki, Arif bildirib ki, hazırda İranın qarşılaşdığı ən ciddi problemlərdən biri bahalaşmadır. Onun sözlərinə görə, bu problemin həlli yalnız bir neçə rəhbərin qərarı ilə mümkün deyil və məsələnin həlli üçün ekspertlər və alimlər arasında ümumi razılığın əldə olunmasına ehtiyac var.
Vitse-prezident xüsusilə maaşla dolanan insanların vəziyyətinə diqqət çəkib.
“Biz həqiqətən xalqımızdan üzr istəyirik. Xüsusilə maaşla dolanan insanların gəlir və xərclərinin bir-birini qarşılamamasından utanırıq”, – deyə Arif bildirib.
O qeyd edib ki, yüksək inflyasiya şəraitində əməkhaqlarının 5 və ya 20 faiz artırılması belə insanların gündəlik xərclərini qarşılamaq üçün yetərli deyil.
Arifin sözlərinə görə, mövcud vəziyyətdə gələcək nəsilləri borclandırmaq və ölkənin təbii sərvətlərini tükətmək də düzgün yanaşma hesab olunmur.





















