Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada kişiləri saqqallarını qısaltmağa və onun sözlərinə görə, “din qaydalarına uyğun” saxlamağa, qadınları isə İslam geyim normalarına riayət etməyə və ərəb geyim üslubunu təqlid etməməyə çağırıb.
Korrekt.az “Kommersant”a istinadən xəbər verir ki,, Kadırov bu fikirləri güc strukturlarının nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib.
Çeçenistan rəhbəri bildirib ki, respublikada bəzi kişilər çox uzun saqqal saxlayır, lakin eyni zamanda məscidlərə getmir və cümə namazında iştirak etmirlər. Onun sözlərinə görə, uzun saqqal və şalvarların ayaq biləyindən yuxarı geyinilməsi gənclər arasında yayılan “anlaşılmaz dəbə” çevrilib.
“Mən onlara müraciət edirəm: saqqallarınızı qısa kəsin və dinə uyğun şəkildə saxlayın”, – Kadırov deyib.
Kadırov qadınlara da İslam normalarına uyğun geyinməyi, lakin ərəb geyim ənənələrini təqlid etməməyi tövsiyə edib. O, həmçinin bütün bədəni örtən geyimlərin yayılmasına qarşı çıxıb və Çeçenistanda burqanın ənənəvi geyim olmadığını bildirib.
Qeyd edək ki, İslam ənənəsində saqqal saxlamaq Məhəmməd peyğəmbərin həyat tərzinə əsaslanan Sünnə ilə əlaqələndirilir. Bununla belə, saqqalın uzunluğu ilə bağlı dini hökmlər müxtəlif ilahiyyatçılar tərəfindən fərqli şərh olunur.
Bədəni və ya üzü örtən burqa və niqab da bütün müsəlman qadınlar üçün universal dini tələb hesab edilmir və bu geyimlər əsasən müəyyən coğrafi və mədəni bölgələrdə yayılıb.





















