İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin AzTV-nin İran tərəfindən “düşmən və terrorçu kanallar” siyahısına salınmasını səhv addım hesab etdiyini bildirib.
Korrekt.az xəbər verir ki, Pakayin bu barədə İranın “Səhər” telekanalının “Kompas” proqramına müsahibəsində danışıb.
Qeyd edək ki, Azərbaycanda “Səhər” telekanalının fəaliyyətinin qanunsuz hesab edilməsindən sonra İranın keçmiş diplomatı iki ölkə arasındakı münasibətlərə dair fikirlərini bölüşüb.
Pakayin Azərbaycan-İran münasibətlərinin gələcəyini müsbət qiymətləndirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında əlaqələr əvvəlki illərlə müqayisədə daha yaxşıdır.
Keçmiş səfir “Səhər” telekanalının da Azərbaycan və İran münasibətlərinin inkişafına töhfə verdiyini iddia edib.
Verilişin aparıcısı “Səhər”in fəaliyyətinin Azərbaycan tərəfindən qanunsuz hesab edilməsinin iki ölkə arasında münasibətlərin normal vəziyyətdə olmadığını göstərdiyini bildirərək, Pakayindən bu məsələyə münasibətini soruşub.
Diplomat konkret səbəblər barədə danışmaq istəmədiyini deyib və qonşu ölkələr arasında fikir ayrılıqlarının baş verə biləcəyini bildirib.
Pakayin, həmçinin, AzTV-nin İran tərəfindən “düşmən kanallar” siyahısına daxil edilməsinin düzgün olmadığını vurğulayıb.
“Mən hesab etmirəm ki, AzTV-ni düşmən kanallar siyahısına salmalıyıq. Məsələn, biz bu telekanalı “Iran International” kimi kanallarla eyni siyahıya yerləşdirməməliyik. Məncə, bu, səhvdir”, – deyə keçmiş səfir bildirib.
O, sonda Azərbaycan və İranın televiziya kanalları ilə xəbər agentliklərinin mövcud vəziyyətdə təmkinli davranacağına ümid etdiyini söyləyib.





















