Yazıçı Kəramət Böyükçöl, sosial media hesabında Azərbaycan futbolunun məşhur məşqçisi Qurban Qurbanov haqqında fikirlərini bölüşüb. O, Qurbanovun son dövrlərdəki bəzi qərarları ilə bağlı fikirlərini səsləndirərək, futbolun azarkeşlər tərəfindən çox tənqid edildiyini bildirib.
Böyükçöl qeyd edib ki, Qurban Qurbanovun Nəriman Axundzadəni oyuna daxil etməməsi doğru bir qərar ola bilərdi, amma bunun futbol ekspertləri tərəfindən qiymətləndirilməsi lazım olduğunu vurğulayıb:
“Mən də düşünürəm ki, Qurban Qurbanov Nəriman Axundzadəni oyuna daxil etməli deyildi. Amma mən futbol eksperti deyiləm. Görünür, Qurban müəllimin Nərimandan gözləntisi varmış, o da özünü doğrultmayıb.”
Bundan başqa, Kəramət Böyükçöl Qurban Qurbanovun Azərbaycan futboluna verdiyi töhfələri də yüksək qiymətləndirib. O, sosial media paylaşımında, Qurbanovun Azərbaycan futbolunu yerdən qaldırdığını və onu Avropa səviyyəsinə çatdırdığını vurğulayıb:
“Baxıram ki, Qurban Qurbanov haqqında çox pis şeylər yazan adamlar var. Futbol oyun da olsa, bu qədər azarkeş etibarsızlığı kənardan heç yaxşı görsənmir. Dünən göylərə qaldırdığımız adamı sən demə, ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq. Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırmış, onu Avropa klubları səviyyəsinə çatdırmış bir insandır. Yəni o, artıq öz işini görüb. Bunu unutmayaq. Bundan sonra ola da bilər, olmaya da bilər. Hər zaman qəlbimizdəsən, Qurban!”
Qeyd edək ki, sonuncu UEFA Çempionlar Liqasının VI turunda “Qarabağ” Niderlandın “Ayaks” klubuna 4:2 hesabı ilə məğlub olub. Oyun, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və qonaqlar bu nəticə ilə ilk qələbələrini qazanıblar. “Qarabağ” isə turnirdə 7 xalla yarışını davam etdirir.










