Moskvanın ÇSKA klubunun və SSRİ milli komandasının sabiq müdafiəçisi Vladimir Ponomaryov Rusiyada çıxış edən əcnəbi futbolçularla bağlı kəskin açıqlamalar verib. Korrekt.az xəbər verir ki. bu barədə Legalbet nəşri məlumat yayıb.
Ponomaryov bildirib ki, əcnəbi oyunçular Rusiya futboluna sovet dövründə mövcud olmayan kobudluq və hörmətsizlik gətiriblər. Keçmiş futbolçu Rusiyada müəllimlərin, həkimlərin və təqaüdçülərin aşağı gəlirləri fonunda əcnəbi futbolçulara ödənilən yüksək maaşlardan narazılığını ifadə edib.
“Öz uşaqlarımı meydanda görmək istəyirəm”, – deyə Ponomaryov vurğulayıb.
O, Moskvanın “Lokomotiv” klubunun əcnəbi futbolçuları sataraq rus oyunçulara üstünlük vermək qərarını müsbət qiymətləndirib. Ponomaryovun fikrincə, bu yanaşma komandaya Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə aparmaq imkanı verə bilər.
Keçmiş müdafiəçi daha əvvəl Moskvanın “Spartak” klubunda çalışan əcnəbi məşqçiləri də tənqid edib. Onun sözlərinə görə, xarici mütəxəssislər Rusiyaya əsasən maddi maraq naminə gəlir və klubların uzunmüddətli inkişafı üçün real öhdəlik götürmürlər.





















