Ermənistanda Azərbaycanın Kərki kəndinin qaytarılması ehtimalı ətrafında müzakirələr yenidən kəskinləşib.
Korrekt.az xəbər verir ki, erməni tərəfi kəndin yerləşdiyi ərazinin ölkənin cənub istiqamətində mühüm nəqliyyat xəttinə yaxın olmasını əsas risklərdən biri kimi göstərir.
Revanşist erməni politoloq Arman Abovyan Ermənistan hakimiyyətinin Kərkini Azərbaycana qaytarmağa hazır olduğunu iddia edərək bunu ölkə üçün mühüm logistik risk kimi qiymətləndirib.
Abovyanın fikrincə, Kərki İrəvandan uzaqda yerləşmir və faktiki olaraq Ermənistanın cənub rayonlarını ölkənin digər hissələri ilə birləşdirən əsas yolun yaxınlığında yerləşir.
Erməni müəllif hesab edir ki, Azərbaycanın Kərki üzərində nəzarətinin bərpası Ermənistanın cənuba gedən əsas nəqliyyat arteriyası ilə bağlı yeni vəziyyət yarada bilər. Abovyan həmçinin İranın Ermənistan üzərindən həyata keçirilən logistikanın etibarlılığına münasibətinin dəyişə biləcəyini irəli sürüb.
Müəllif Tavuş istiqamətində aparılmış delimitasiya prosesinə də toxunaraq iddia edib ki, həmin ərazilərin Azərbaycana qaytarılmasından sonra Bakı Ermənistan-Gürcüstan dövlətlərarası yoluna təsir imkanları əldə edib. Onun fikrincə, Kərkinin də Azərbaycana qaytarılması Ermənistanın cənub istiqamətində logistika imkanlarını daha həssas vəziyyətə sala bilər.
Qeyd edək ki, Kərki Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna aid kənddir. Ermənistan mediasında son günlər Kərkinin qaytarılması məsələsi yenidən fəal müzakirə olunur. Avqustun 22-də Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan da Kərki məsələsi ilə bağlı açıqlama verərək kəndin Azərbaycana qaytarılmasının Ermənistan üçün yarada biləcəyi nəticələrdən danışıb.Musavat.com





















