Qədim Şərqdən bizə miras qalan bir söz var:
“Müharibə zamanı sən çoxsaylı düşmən öldürsən, yaxşı döyüşçüsən, amma bir nəfəri belə xilas etsən Qəhrəmansan”
Tarixdə sevdiyim şəxslərdən biri Desmond Dossdur. İkinci Dünya Müharibəsi zamanı silah gəzdirməkdən və insan öldürməkdən imtina edən, lakin cəbhədə sanitar kimi xidmət edərək 75-dən çox yaralı əsgəri xilas edən ABŞ ordusunun əsgəridir. Buna görə də Amerika Prezidenti şəxsən ona Şərəf Medalı təqdim edib.
İkinci bu cürə insan, Azərbaycan tarixinin əfsanələrindən biri, Murov qartalı Raquf Orucovdur. Onun haqqında yüzlərlə, minlərlə yazıblar. Raquf təkcə komandir deyil idi, O, əsgərlərin mənəvi dayağı, dostu və Azərbaycan dövlətinin ön cəhbədə sipəri idi. O, təkcə döyüş meydanında deyil, həm də gündəlik xidmət zamanı əsgərlərinin qayğısına qalan komandir kimi tanınırdı. Məşhur xatirələrdən biri onun döyüşdən qayıdan əsgərinin ayaqlarını yuması və onlara ata qayğısı göstərməsidir
Raquf Orucovun rəhbərlik etdiyi kəşfiyyat qrupu Murovdağ istiqamətində həyata keçirdiyi əfsanəvi əməliyyat nəticəsində 7 Azərbaycan əsgərini erməni əsirliyindən xilas etmişdir. O, kəşfiyyat əməliyyatı zamanı düşmən tərəfdən əsir götürərək, onları 5 Azərbaycan əsgəri ilə dəyişdirilməsinə nail olmuşdur.
O, xilas etdiyi insanların sayı bir rəqəmlər deyil, Vətənə xidmətinin bir parçasıdır. Desmond Doss nümunəsində olduğu kimi, onun gücü silahından deyil, xilas etmək iradəsindən gəlir. Belə bir zabit üçün əmrdən daha üstün bir şey var: İnsaniyyət. O, bəzən öz həyatını və karyerasını riskə ataraq, qeyri-mümkün görünən vəziyyətlərdən insanları çıxarır. Onun “qəhrəmanlıq” dediyi şey, əslində onun təbii halıdır.
Və RAQUF ORUCOV Azərbaycan Respublikası Milli Qəhrəman adını almayıb. Xalqın ürəyində, dilində, gözündə, tarixində Qəhrəmandır. Lakin bunu rəsmi sənədləşməsi lazımdır.
İnciməsinlər, Milli Qəhrəman adı daşıyanların çoxundan Raquf Orucov VƏTƏNƏ xidmət edib. Bu gün sağ olan bir neçə Milli Qəhrəman belə Raqufun etdiklərini edə bilməyiblər. Necə ola bilər ki, Ona bu ad verilməsin?
Bir Azərbaycanlı kimi, bir müəllim, elm adamı kimi Raqiuf Orucovun Milli Qəhrəman adının almasını ədalətin bərpa edilməsi hesab edirəm. Biz gənclərə ölkəmizdə olan ədalət sistemini təbliğ edirik, lakin bu fakt bizi nə deyək sualı qarşısında qoyur.
Milli Qəhrəman adı adətən bir anlıq rəşadətə görə verilir. Lakin Raquf Orucovun bütün 26 illik xidməti bir qəhrəmanlıq dastanıdır. O, Birinci Qarabağ müharibəsində ailəsini (anasını) itirməsinə baxmayaraq, qisasını nifrətlə deyil, peşəkar hərbçi kimi döyüş meydanında almışdır. Onun 90-cı illərdən 2016-cı ilə qədər keçdiyi yol, bütöv bir nəslin vətənpərvərlik məktəbidir.
Rəsmi adlar bəzən unudulur, lakin Raquf Orucovun adı bu gün hərbi hissələrdə, məktəblərdə və gənclərin dilində əzbərdir. Onun adına verilən “Milli Qəhrəman” statusu sadəcə bir sənəd üzərindəki yazı deyil, xalqın ədalət hissinin təmin olunması olardı.
Ruhuna hörmətlə Prof.Dr.Zaur Əliyev





















