
Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın rayonunun 70 mindən artıq sakini doğma yurd-yuvasından didərgin düşdü. 300-dən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğal illərində 200-dən artıq təhsil və səhiyyə müəssisəsi, yüzlərlə mədəniyyət obyekti, tarixi abidələr vandalizmə məruz qaldı.
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbədən sonra 2020-ci ilin 1 dekabrında Laçın rayonu azad olundu. Daha sonra 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust rəsmi olaraq “Laçın şəhəri günü” kimi qeyd olunur.
2023-cü ildən etibarən laçınlıların doğma yurda qayıdışı başlayıb. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Şəhərin baş planı həm müasir urbanistik yanaşmalar, həm də Laçının tarixi-mədəni irsini nəzərə alan prinsiplər üzərində qurulub. Bu plan çərçivəsində təbii yaşıllıqlarla əhatələnmiş ərazilərdə insanın rahat yaşayışı üçün əlverişli mühit formalaşdırılır.
Baş plana əsasən, Laçının tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma sahəsində fərdi həyət evlərinə üstünlük verilir. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış massivlərində müasir tələblərə uyğun çoxmənzilli binaların inşası nəzərdə tutulub. Şəhərdə həm ənənəvi yaşayış forması, həm də müasir şəhər həyatı vəhdət təşkil edəcək.
Laçında aparılan quruculuq işləri təkcə bərpa deyil, həm də müasir şəhərsalma nümunəsinin yaradılması deməkdir. Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davamlı inkişaf konsepsiyasının tərkib hissəsi kimi strateji əhəmiyyət daşıyır. Bu gün Laçın da daxil olmaqla, işğaldan azad edilmiş digər ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir.
Bütün bunlar dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir. 26 avqust – Laçın şəhəri günü təkcə bir tarix deyil, həm də xalqımızın qələbəsinin, əzminin, dövlətimizin gücünün təntənəsidir. Laçın Şəhəri Günü həm də gələcəyə inamın, milli birliyin, dövlət-xalq həmrəyliyinin təntənəsidir.
Laçın günümüz mübarək olsun!





















