“Həyatda gərək öz həyatının, taleyinin meneceri olasan. Adam var nə istəyir onu edir. Adam da var, gözəl müğənnidir, amma şəraiti yoxdur. Müğənni var, gözəl ifaçıdır, amma dünyanı gəzməyib, kitab oxumayıb. Oxumaqdan başqa heç nə etmir”.
Musavat.com bildirir ki, bu sözləri əməkdar artist Ədalət Şükürov “Xəzər axşamı” proqramında deyib.

Müğənni həmkarlarına səslənib: “Əgər yaxşı müğənnisənsə, ali savadın varsa, dünyanı gəzirsənsə… Bu, tamamlananda, olur, başqa şey. Bu da həyatdan asılıdır. Birinin imkanı var, birinin yox. Müğənnilərə deyirəm ki, imkanınız olduqca dünyanı gəzin, kitab oxuyun. Son zamanlar kitab oxumurlar, əllə yazmırlar. Çox şey unudulur”.
Bizdə müğənnilərin intellekt səviyyəsi başqa ölkələrin ulduzları, sənətçiləri ilə müqayisə edilə bilərmi? Azərbaycanlı ifaçılar sonuncu dəfə hansı kitabı oxuyublar?
Xalq artisti Gülyanaq Məmmədova sualımıza cavabında deyib ki, müğənnilər arasında kitab oxuyanlar var, amma bu, daha çox tək-tük hallarda rast gəlinən haldır:
“Müasir dövrdə telefonlar hamının həyatını o qədər zəbt edib ki, demək olar hər kəsin diqqəti ekranlara yönəlib. İnsanlar boş vaxt tapar-tapmaz əlləri avtomatik olaraq telefona uzanır. Mənim əlimdə son oxuduğum kitab isə görkəmli şairimiz Mikayıl Müşfiqin yaradıcılığı ilə bağlı olub. Bunun da xüsusi səbəbi var idi. Ötən ay görkəmli xalq artisti Nurəddin Mehdixanlı ilə birlikdə onun yaradıcılığına həsr olunmuş gecəyə hazırlaşırdıq. Bu hazırlıq prosesi məni bir daha Müşfiq dünyasına qaytardı və etiraf edim ki, bu dəfə onu daha dərindən anlamağa çalışdım”.

Xalq artisti bildirib ki, onun nakam həyatı, gənc yaşında faciəvi şəkildə həyatdan qoparılması, həyat yoldaşına olan saf və səmimi sevgisi insanın qəlbini sarsıdır:
“Bundan əvvəl isə digər böyük söz ustadı Bəxtiyar Vahabzadənin yaradıcılığı ilə maraqlanmışdım. Çünki onunla bağlı bir tədbirə hazırlaşırdım. Ümumiyyətlə, hansısa yazıçı və ya şairin yaradıcılığı ilə bağlı çıxış edəcəyim zaman, çalışıram ki, onun əsərlərinə daha dərindən bələd olum, yalnız səthi yox, mahiyyətini anlayım. Bu yanaşmanı isə bir hadisədən sonra daha ciddi şəkildə mənimsədim. Bir dəfə aparıcı Səyyarə xanıma dedim ki, o, qonaqlara çox dolğun, düşündürücü suallar verir, yalnız dəvət etdiyi şəxsləri yox, haqqında danışılan şair və yazıçıları da dərindən tanıyır. O isə mənə belə cavab verdi: “Haqqında danışacağım yazıçı və ya şairin yaradıcılığı ilə ən azı bir həftə əvvəldən yaxından tanış olmağa çalışıram ki, verəcəyim suallar səthi yox, savadlı və məzmunlu olsun”. Bu sözlər mənim üçün çox böyük dərs və stimul oldu. O gündən sonra hər mövzuya daha məsuliyyətlə yanaşmağa başladım”.
Onun sözlərinə görə, hər gün kitab oxuduğunu desə, bu, doğru olmaz: “Çünki həyat tempim çox sürətlidir. Hər gün müxtəlif tədbirlər, yaradıcılıq gecələri, dərslər və digər işlər… Günün necə keçdiyini bəzən özüm də anlamıram. Doğrudur, istəsək, kitab oxumağa zaman tapmaq mümkündür. Amma reallıq budur ki, boş an tapdığımız kimi yenə telefona sarılırıq. Əslində, bunun əksi olmalıdır. Biz telefon yox, kitab seçməliyik. Çünki kitab insanın daxili aləmini zənginləşdirir, düşüncə tərzini formalaşdırır, beyni inkişaf etdirir. Telefon isə əksinə, çox zaman insanı passivləşdirir, diqqəti zəiflədir, düşünmə qabiliyyətini səthiləşdirir. Bunu bilə-bilə yenə də telefona qayıdırıq. Bu artıq bir növ asılılığa çevrilib, etiraf etməliyik ki, biz bir qədər “telefon xəstəsi” olmuşuq. Bu mənada qızım məndən tamamilə fərqlənir. Onun otağına daxil olanda hər tərəfdə kitablar görmək mümkündür. Səyahət edəndə, hətta aeroportda belə ilk axtardığı yer kitab mağazası olur. Xarici ölkəyə gedəndə ilk növbədə kitab dükanlarını gəzir. Düşünürəm ki, onun qədər kitab oxumuram”.
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan isə qeyd edib ki, mütəmadi olaraq şeir kitabları oxuyur: “Düzdür, “hər gün bir kitabı tam şəkildə bitirirəm” demək düzgün olmaz, amma gündə 2-3 kitabı paralel şəkildə nəzərdən keçirir, müxtəlif şeirləri oxuyur, onları hiss edir və gələcək bəstələrim üçün material toplayıram. Məsələn, görkəmli şair Cabir Novruzun kitabından seçdiyim “Sizə güvəndiyim dağlar” şeirinə mahnı bəstələyəndə mənə sual verdilər ki, bu yeni yazılmış şeirdir? Mən isə cavab verdim ki, yox, bu şeir illər öncə yazılıb, sadəcə onu kitabdan araşdıraraq tapmışam”.
E.Seyidcahanın sözlərinə görə, həyatında unudulmaz məqamlardan biri də Bəxtiyar Vahabzadə ilə bağlıdır: “Konservatoriyada tələbə olduğum illərdə o, haqqımda dərc olunan bir müsahibəni oxuyub və şəxsən mənimlə maraqlanıb. Həmin vaxt konservastoriyanın direktoru Fərhad Bədəlbəyli və Arif Məlikova zəng edərək “o istedadlı tələbəni tapın” deyib. Sonra mənə xəbər çatdırdılar ki, Bəxtiyar Vahabzadə məni axtarır. Onun evinə getdim və o, mənə “Amandan amana” qəzəlinə musiqi bəstələməyi təklif etdi. Amma kitablarını vərəqləyərkən başqa bir şeir – “Vətən marşı” ruhuma daha yaxın gəldi və məhz ona mahnı bəstələdim. Belə hallar yaradıcılığımda çox olub, şeir özü səni çağırmalıdır, sən onu seçməlisən, yoxsa o səninlə danışmırsa, zorla musiqi yazmaq mümkün deyil”.

Elza Seyidcahan qeyd edib ki, evində xüsusi bir kitab guşəsi var:
“Bu guşədə Azərbaycan ədəbiyyatının ən böyük simalarının əsərləri yer alır – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Ramiz Rövşən, Mikayıl Müşfiq və digər böyük söz ustadlarının kitabları burada xüsusi yer tutur. Hər gün əlimə bu müəlliflərdən birinin kitabını alır, oxuyuram. Amma son günlər kitabxanamdan bəzi şairlərin kitablarını çıxarmaq qərarına gəldim. Çünki həmin insanlar vaxtilə öz kitablarını mənə böyük xahişlə, minnətlə təqdim etmişdilər. Hətta bəziləri kitablarının içinə mənə ünvanlanan xoş sözlər yazmış, məni “möcüzə qadın” kimi ifadələrlə təqdim etmişdilər. Amma sonradan gördüm ki, efirdə və ya ictimai mühitdə mənim haqqımda tam fərqli, hətta ziddiyyətli fikirlər səsləndirirlər. Bu isə məni düşündürdü və məyus etdi. Əsl səbəb isə daha dərindir. Onlar istəyirdilər ki, mən onların şeirlərinə musiqi bəstələyim. Amma hər şeir mənim ruhuma uyğun gəlmir. Mən yalnız hiss etdiyim, mənə doğma olan, içimdə səsə çevrilən şeirlərə musiqi yazıram. Sadəcə xahiş edildiyi üçün, ya da kiminsə xətrinə görə bəstələmək mənim yaradıcılıq prinsipimə ziddir. Mən bəstələməyəndə isə həmin şəxslər bunu qəbul etmək əvəzinə məni tənqid etməyə başladılar. Buna görə də onların kitablarını kitabxanamdan çıxarmaq qərarına gəldim”.
Əməkdar artist hazırda oxuduğu kitabdan da söz açıb: “Bu kitab xüsusi bir topludur – “Yaşılım, yaşılım, hara gedirsən”. Bu kitab mənə Rəşad Məcid tərəfindən şəxsən, öz imzası ilə təqdim olunub. Kitab təbiət mövzusuna həsr olunmuş şeirlər toplusudur və burada müxtəlif dövrlərə aid şairlərin əsərləri yer alır. Aşıq poeziyasından tutmuş müasir şeir nümunələrinə qədər təbiətin müxtəlif çalarları bu kitabda öz əksini tapıb. Bu topludan bəzi şeirlərə artıq mahnılar da bəstələmişəm. Arzu edirəm ki, hər bir insanın evində, kitab guşəsində belə dəyərli kitablar olsun. Çünki kitab insanın ruhunu tərbiyə edən, zövqünü formalaşdıran və daxili aləmini zənginləşdirən ən qiymətli xəzinədir”.





















