Futbol təkcə idman növü deyil, daha ötə bir şeydir. Bunu uzun illər əvvəl fikir adamlarından biri deyib və zaman yüz dəfələrlə onun haqlı olduğunu göstərib.
Müasir futbol siyasət elementidir, mədəniyyət hadisəsidir, keçmiş müharibələrin qansız və miniatürləşdirilmiş modelidir, rəqabət və müttəfiqliyin təzahür formasıdır və s. və i.a.
Diqqət edin, Türkiyə millisinin 2026-cı il mundialındakı sönük oyunu, sonuncu oyunun nəticəsindən asılı olmayaraq öz qrupunda dördüncü yeri tutması və ələnməsinin qaçılmaz olması Türkiyə ictimaiyyəti ilə yanaşı, azərbaycanlıları da dərindən məyus edib. Niyə? Çünki Türkiyə və Azərbaycan xalqı təkcə qohum xalqlar deyil, bu dövlətlər həm də hərbi-siyasi müttəfiqdir.
Ancaq qlobal sosial şəbəkədə yazılan yüzminlərlə şərhdən belə aydın olur ki, Türkiyənin yığma komandasının dünya çempionatından ələnməsi qonşu ölkələrdən bir xeylisinə ləzzət edib. İndi onlar türklərin uğursuzluğundan vəcdə gəliblər və sosial şəbəkələrdə özlərini şən və hazırcavablar klubunun üzvləri kimi aparır, kütləvi şəkildə rişxənd edir, oyunçuları, bütövlükdə isə 85 milyonluq ölkəni ələ salırlar.
Söz yox, zəif oyuna görə Türkiyənin özündə də futbol təsərrüfatının rəhbərlərini, eləcə də məşqçiləri və futbolçuları tənqid edən, onlara ironiiya yanaşanlar çoxdur, amma onların tənqidi heç də bütövlükdə xalqa, dövlətə qarşı deyil.
Hazırda Türkiyə ictimaiyyəti daha çox iranlıların uyğun mövzuda əndazəsini aşmış rişxənd selindən rəncidədir. Bir çoxları artıq buna sərt reaksiya verir, kimdən, kimdən, məhz İrandan belə reaksiya gözləmədiklərini yazırlar.
Gerçəkdən də bu ilin mart və aprel ayında İran ABŞ və İsrailin total hücumuna məruz qalanda Türkiyə ictimaiyyəti böyük əksəriyyət etibarilə İranın tərəfini tutur, ABŞ və İsrailin aqressiyasını pisləyir, hətta İrana dəstək verməyən ölkələri qınayırdılar. Türkiyəli telejurnalistlər özlərini “Tasnim” və “Keyhan”ın əməkdaşları kimi aparırdılar.
İndi məğlubiyyət acısı yaşayan türklər bir də “dost qonşu”un lağlağısına ürcah olanda haqlı olaraq düşünürlər ki, biz sizin müharibə mübarizənizə azarkeşlik edir, qalib gəlməyinizi istəyirdik, siz idman mübarizəsində bizim məğlubiyyətimizə sevinirsiniz.
Acı gerçəklik budur. Türkiyə dövləti və xalqı dar gündə İrana, müsəlman dünyasına real münasibətini ortaya qoymuşdusa, İran ictimaiyyətinin mühüm bir hissəsi də bu gün Türkiyəyə münasibətini bu cür, açıq şəkildə büruzə verir.
40 günlük müharibədə Anadolu türklərinin İrana mənəvi, siyasi və informasiya dəstəyi verməsi Türkiyə dövlətinin öz NATO müttəfiqinin (ABŞ-nin) iradəsi əleyhinə çıxması idi və bu, Beştəpə rezidensiyasından qaynaqlanırdı. Hökumət rəsmilərinin, siyasi şərhçilərin, jurnalistlərin bu yöndəki açıqlamaları ictimai rəyə ciddi təsir etmiş, yön vermişdi, ona görə də ictimaiyyət İranı dəstəkləyirdi.
İndi məlum olur ki, İran ictimaiyyəti də dövlətin, ölkəni idarə edənlərin Türkiyəyə əsl, səmimi münasibətlərinin nədən ibarət olduğunu bilir. Onların cari düşüncəsində və alt şüurunda Türkiyə rəqibdir, 300-500 il əvvələ gedəndə isə düşməndir.
Özünü bilməzliyə qoymağın, diplomatik cümləpərdazlıqlarla həqiqəti danmağın faydası yoxdur, regionun bu iki böyük dövləti arasında gizli-gizli sürüb gedən intriqa var. Regional liderlik uğurunda mübarizə ehtirası da öz işini görür, məzhəb ayrıcalığı da.
Təsəvvür edin ki, İran xalqının yarısı türkdür, amma Türkiyədə onları doğma saymırlar, çünki şiə məzhəbindəndirlər. İranda da Anadolu türklərini sünni sayaraq, məsələyə bu kontekstdən yanaşanlar çoxdur.
Bu gerçəkliyi futbol üzə çıxardı. Türkiyə millisinin uğursuzluğu fonunda iki heç-heçə edərək nisbi uğur qazanmış İran millisinin oyununu döyüşkənlik, əzmkarlıq, məğlubedilməzlik nümunəsi hesab edən iranlılar artıq öz dövlətlərini müsəlman dünyasının lideri olaraq görürlər. Onların total qənaəti belədir: “Biz müharibədə ABŞ-yə və İsrailə uduzmadığımız kimi, futbolda da heç kimə uduzmuruq”.
Ancaq bütün bu davranışlar, düşüncələr əsaslı bir şey deyil, ucuz pafos püskürməsidir. Bir dövlətin qüdrətini idman yarışmasındakı qələbə göstərmir. Ona qalsa, dünənə qədər dünya ictimaiyyətinin 99,99 faizinin tanımadığı, xəritədə belə yeri asanlıqla tapılmayan ada dövlətləri Kapo-Verde və Kurasao da mundialda oynayır. İndi onlar da özlərini “regionun lideri” saysınlarmı?
Bu, bir ibrət dərsi olmalıdır. Qonşu, qohum olmasından asılı olmayaraq, hücuma məruz qalan bir dövləti yalnız səmimi müttəfiqliyə, həm də haqlı olduğuna görə müdafiə etmək olar, belə məsələlərdə din-məzhəb qardaşlığı önə keçməməlidir. Çünki təcrübə göstərir ki, bəzi idarəedici dairələr öz işlərinə gələndə din-məzhəb eyniyyətinə fikir vermir, din qardaşının düşməninə yardım edir, onun qələbəsinə çalışır.
Xalid KAZIMLI





















