“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası olduqca mühüm beynəlxalq tədbirdir. “ – bu fikirləri politoloq Arzuman Muradlı açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, dünyanın aparıcı ərəb ölkələrinin yüksək səviyyəli nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı dialoq platforması kimi rolunun göstəricisidir.
“Hazırda regionda mürəkkəb və gərgin proseslər yaşanır. Belə bir dövrdə Bakının yenidən dialoq və əməkdaşlıq məkanı kimi seçilməsi təsadüfi deyil. Azərbaycan hər zaman olduğu kimi bu gün də sülhə və qarşılıqlı anlaşmaya töhfə verən ölkə kimi çıxış edir. Hesab edirəm ki, sessiya çərçivəsində mühüm müzakirələr aparılacaq və bir sıra əhəmiyyətli razılaşmalar əldə olunacaq”, – deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan artıq ölkənin parlament sədri, eləcə də 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Onun sözlərinə görə, bu geniş təmsilçilik sessiyanın beynəlxalq əhəmiyyətini artırır və tədbirin dünya mediasının diqqət mərkəzində olmasını şərtləndirir.
Arzuman Muradlı vurğulayıb ki, Yaxın Şərqdə, xüsusilə İran və Livan ətrafında müşahidə olunan gərgin vəziyyət fonunda Bakıda keçirilən bu görüşlər regional sabitliyə töhfə verə bilər.
“İrandakı vəziyyət və Livanda müşahidə olunan gərginlik beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir. Bakı bu kimi məsələlərin müzakirəsi və qarşılıqlı anlaşmanın təşviqi üçün mühüm platformadır. Sessiya çərçivəsində regionun gələcəyi baxımından əhəmiyyətli qərarların və razılaşmaların əldə olunacağını gözləyirəm”, – deyə politoloq əlavə edib.





















