image-1backend

“Ölüm marşı”: yol kənarı qadın, qoca, uşaq cəsədləri ilə dolu idi…

image-ads-728x90

Azərbaycanlılar da daxil olmaqla dünyanın bir çox xalqları deportasiyaya və sürgünə məruz qalıblar. Belə deportasiyalardan ən səssizi, yəqin ki, İkinci Dünya müharibəsindən sonra almanların deportasiyadır. Yüzminlərlə insanın həlak olduğu, daha çoxunun isə təhqirlərə, işgəncələrə, qadınların zorlamalara məruz qaldığı bu faciəyə uzun illər karma kimi, almanların başqa xalqlara etdiklərinin əvəzi kimi baxıldı.

Böyük köç

Almanlar milli azlıq kimi əsrlər boyu bir çox ölkələrdə — Çexiyada, Polşada, Macarıstanda, Yuqoslaviyada yaşayırdılar. Lakin 1945-ci ildə keçirilən Potsdam konfransının qərarlarına əsasən onların hamısı Almaniyaya və Avstriyaya köçürülməli idi. Ümumilikdə 1945–1950-ci illərdə təxminən 12–14 milyon alman deportasiya edildi.

Əhalinin bu qədər böyük kütlələrinin köçürülməsi həm spontan, həm də təşkil olunmuş zorakılıq halları ilə müşayiət olunurdu. Bir qayda olaraq, qovulan almanların bütün əmlakı müsadirə edilirdi.

“Alman kontingenti”nin daşınma şəraiti də son dərəcə ağır idi. İnsanlar çox vaxt piyada, çətin hava şəraitində, normal qidalanma və tibbi yardım olmadan hərəkət etməyə məcbur edilirdilər. Bu isə köçkünlər arasında yüksək ölüm səviyyəsinə səbəb oldu. On minlərlə alman həyatını itirdi. Bundan başqa, bir çoxu Hitler rejiminin cinayətlərinə görə qisas almaq istəyən yerli sakinlər tərəfindən öldürüldü. Buna görə deportasiyanın bəzi epizodları hətta “ölüm marşları” adlandırılırdı.

Xüsusilə sərt deportasiya Çexoslovakiyadakı Sudet almanlarına qarşı həyata keçirilirdi. Qeyd etmək lazımdır ki, söhbət təkcə Sudet vilayətinin sakinlərindən getmirdi. Sadəcə, Sudetlər alman azlığının əsas mərkəzi hesab olunurdu və burada almandilli əhalinin payı 80–90 faizə çatırdı. Bax, bu “flaqman” regiona görə bütün Çexoslovakiya almanları şərti olaraq “Sudet almanları” adlandırılırdı.

Müttəfiqlərin qələbəsindən sonra Çexoslovakiyadakı almanlar yaxın keçmişdə Üçüncü Reyxdə “aşağı irq” hesab edilən insanların yaşadığı şəraiti xatırladan vəziyyətə düşdülər. Onlara xüsusi icazə olmadan yaşayış yerlərini tərk etmək qadağan edilmişdi. Almanlar “N” (nemec — alman) hərfi olan qol sarğısı taxmağa məcbur idilər.

Onların ictimai nəqliyyatdan istifadə etməsi, bir çox ictimai yerlərə getməsi qadağan olunmuşdu. Girişə icazə verilən yerlərdə isə almanca danışmaq olmazdı. Sudet almanları mağazalara yalnız müəyyən saatlarda gedə bilirdilər.

Ölüm marşları

Almanların məcburi köçürülməsi 1945-ci ilin mayında başladı. Həmin vaxt tarixə “Brünn ölüm marşı” kimi düşən hadisə baş verdi. Brnodakı (almanca adı Brünn) almanlar piyada şəkildə Çexoslovakiya–Avstriya sərhədinə doğru aparıldı. Yolun uzunluğu təxminən 55 kilometr idi.

Şahidlərin sözlərinə görə, yol kənarlarında ölmüş uşaqların, qadınların və qocaların cəsədləri uzanırdı. Köçürülənlərin böyük hissəsini məhz bu kateqoriyadan olanlar təşkil edirdi, çünki hərbi xidmət yaşında olan və müharibədən sağ çıxan kişilərin əksəriyyəti əsir düşərgələrində saxlanılırdı. Lakin onların əzabları bununla bitmədi.

Avstriyanın Çexoslovakiya ilə həmsərhəd sektoruna nəzarət edən sovet hərbçiləri deportasiya olunanların sərhədi keçməsinə icazə vermədilər. Almanlar açıq səma altında yaradılmış düşərgəyə yerləşdirildi və burada da ölməyə davam etdilər. Təkcə bu “ölüm marşı”nda qurbanların sayı təxminən 5 min nəfər hesab edilir.

Çexiyanın Postelberq düşərgəsindən sağ çıxmış sudet almanı Ferdinand Martinin xatirələri belədir: “Bizi keçmiş süvari kazarmasının həyətinə yığdılar və tövlələrdə yerləşdirdilər. Orada hətta ayaq üstə durmağa belə hamıya yer çatmırdı. Sonrakı günlərdə insanları ayırırdılar — nasist partiyasının üzvləri, polis və ya vermaxtda xidmət etmiş şəxslər müəyyən edilirdi. Bu müddət ərzində çexlər insanları qamçılayır, SS-də xidmət edənləri və siyasi fəalları isə ya ölümcül döyür, ya da güllələyirdilər. Doqquz ay düşərgədə mühafizə altında saxlanıldıq, davamlı təhqirlərə və zorakılığa məruz qaldıq. İtkilər barədə danışmaq çətindir, çoxlu uşaq öldü. Evlərimiz tamamilə talan edildi və çexlər tərəfindən zəbt olundu”.

Kortəbii terror

Deportasiya prosesi kortəbii terror aksiyaları ilə də müşayiət olunurdu. 1945-ci ilin iyulunda Usti nad Labem şəhərində sursat anbarı partladı və dərhal günah “kökü kəsilməmiş alman gizli təşkilatları”nın üzərinə atıldı.

Partlayışdan sonra almanlara divan tutulmağa başladı. Onları tanımaq asan idi, çünki qollarında “N” hərfi olan sarğı daşıyırdılar. Qadınlar və uşaqlar da daxil olmaqla almanlar döyülür, çaya atılırdı. Üzməyə çalışanlar tüfənglə vurulurdu. Alman tarixçiləri bu hadisənin 220 qurbanı olduğunu qeyd edirlər. Çexiya hakimiyyəti isə rəsmi olaraq 80–100 nəfərin öldüyünü bildirirdi.

Daha dəhşətli hadisə 1945-ci ilin iyununda Prşerov şəhərində baş verdi. General Lüdviq Svobodanın korpusunun əsgərləri alman qaçqınların kolonunu saxlayaraq 265 nəfəri güllələdilər. Ölənlər arasında 120 qadın və 74 uşaq vardı. Ən kiçik uşağın cəmi səkkiz aylıq olduğu bildirilir.

Bu hadisə Çexoslovakiya hakimiyyətini müdaxiləyə məcbur edəcək qədər sarsıdıcı idi. Güllələnməyə rəhbərlik etmiş leytenant Pazur hərbi məhkəmə tərəfindən məhkum edildi. Lakin artıq 1951-ci ildə amnistiya ilə azadlığa buraxıldı.

Ümumilikdə üç milyondan çox alman Çexoslovakiyadan deportasiya edildi. Rəsmi məlumatlara görə, deportasiya zamanı təxminən 19 min alman həlak oldu. Daha çox insan müxtəlif xəsarətlər aldı, gənc qadınların bir hissəsi isə zorlandı.

Dəfn mərasimində belə qarət edirdilər…

Müharibədən sonra Almaniyanın geniş şərq bölgələrinin birləşdirildiyi Polşada da almanların qovulması eyni şəkildə həyata keçirilirdi. Deportasiya olunan almanları daşıyan ilk eşelonlar 1946-cı ilin fevral ayının sonlarında yola salındı.

Məcburi köçkünlərə humanist münasibətdən söhbət belə gedə bilməzdi. Deportasiyanı yaşamış alman qadın Dora Kletsin yaxınlarına yazdığı məktubda bildirirdi: “Polyaklar amansızdırlar, insanların başına nə oyun açdıqlarını təsəvvür belə edə bilməzsiniz. Qarət edir, insanları aclıqdan ölməyə məcbur edirlər. Ştettin ölüm və intihar şəhərinə çevrilib…”

Digər şahid Paul Rixter isə belə deyirdi: “Breslauda polyaklar almanları mənzillərindən qovur, mebellərini oğurlayır və onları gücləri çatmayan işlərdə pulsuz işləməyə məcbur edirdilər. Ölənlərin yaxınlarını hətta dəfn mərasimində qarət edir, paltarları ilə yanaşı, gül və əklillərini də əllərindən alırdılar”.

Müttəfiq ölkələrin siyasətçilərinin təmtəraqlı şəkildə “Avropanın geosiyasi yenidən qurulması” adlandırdıqları bu proses nəticəsində Polşadan 3,5 milyondan çox alman köçürüldü. Onların yerinə isə qismən Polşanın özündən, qismən də SSRİ-dən gəlmiş polyaklar yerləşdirildi.

Sovet diktatoru İosif Stalin almanların deportasiyasından istifadə edərək imperiyasındakı başqa bir “etibarsız” milli azlıq problemini də həll etməyə çalışdı. Söhbət polyaklardan gedirdi. 1939-cu ilin Molotov-Ribbentrop paktından sonra milyonlarla etnik polyakın yaşadığı geniş ərazilər Sovet İttifaqının tərkibinə, konkret olaraq Ukrayna və Belarus sovet respublikalarına qatılmışdı. Onların bir hissəsi NKVD tərəfindən məhv edilmiş, bir hissəsi isə müharibə illərində həlak olmuşdu. Buna baxmayaraq, SSRİ-də hələ də çoxlu polyak yaşayırdı.

Stalin bu vəziyyətdən narazı idi. O, Rusiyanın bu “əbədi düşmənləri”nə etibar etmirdi. İndi isə o, problemi öz üsuluna uyğun — sərt və radikal şəkildə həll etmək imkanı əldə etdi. Sovet İttifaqında yaşayan polyakların demək olar ki, hamısı almanların qovulmasından sonra boşalan torpaqları məskunlaşdırmaq bəhanəsi ilə tarixi vətənlərinə köçürüldü.

Macarıstandakı, Rumıniyadakı (Transilvaniya saksları) və Yuqoslaviyadakı alman azlıqları da amansızcasına qovuldular.

Şərqi Prussiyanın “təmizlənməsi”

Şərqi Prussiyadan almanların deportasiyası ayrıca qeyd edilməlidir. Bu etnik təmizləmə ona görə maraqlıdır ki, Potsdam konfransının qərarına əsasən SSRİ-yə birləşdirilmiş ərazidə həyata keçirilirdi. Bu zorakı aksiyaya görə məsuliyyət birbaşa Sovet İttifaqı rəhbərliyinin üzərinə düşür.

Lakin həmin vaxta qədər Şərqi Prussiyanın müharibədən əvvəlki əhalisinin cəmi onda biri qalmışdı. Müharibə ərəfəsində burada bir milyondan çox alman yaşayırdı. Onların böyük əksəriyyəti 1944–1945-ci illərdə geri çəkilən Vermaxt hissələri ilə birlikdə tələsik qaçmışdı. Sovet qoşunlarının əlinə isə cəmi 129 min Şərqi Prussiya sakini keçmişdi.

Bu yeni sovet vilayətindən almanların deportasiyası uzandı. Şərqi Prussiyanın paytaxtı Köniqsberq 1946-cı ildə Kalininqrad adlandırıldı. İşğal edilmiş əyalətin digər yaşayış məntəqələri də eyni aqibəti yaşadı. Onların arasında rus tarixini bilənlərə yaxşı tanış olan Fridland (Pravdinsk), Eylau (Baqrationovsk) və Tilzit (Sovetsk) kimi şəhərlər də vardı.

Lakin bu “sovetləşdirilmiş” şəhərlərdən alman əhalisini çıxarmağa tələsmirdilər. Humanizm? Heç də yox. Səbəb tamamilə praqmatik idi. Sovetlərə işçi qüvvəsi lazım idi və yerli almanlardan ən ağır işlərdə istifadə olunurdu. İlk növbədə dağıntıların təmizlənməsində və tikinti işlərində.

Yalnız 1947-ci ildə Şərqi Prussiyada qalmış bütün almanlar Almaniyadakı sovet işğal zonasına köçürüldülər. Bir müddət sonra həmin ərazilərdə Almaniya Demokratik Respublikası (ADR) yaradılacaqdı.

Ümumilikdə deportasiya zamanı on minlərlə alman həlak oldu, yüz minlərlə insan isə döyülmələrə və zorakılığa məruz qaldı.

Avropadakı alman azlıqların müharibədən sonrakı faciəsini ən yaxşı şəkildə tanınmış humanist və missioner Albert Şveytser ifadə etmişdi. O, 1954-cü ildə Nobel Sülh Mükafatını alarkən söylədi: “Tarixə və insan hüquqlarına qarşı ən ağır cinayəti öz doğma torpaqlarından bütöv xalqları qovan, onları yad ellərdə məskunlaşmağa məcbur edən insanlar törədirlər. Milyonlarla avropalıya belə bir taleyi rəva görən İkinci Dünya müharibəsinin qalibləri öz məsuliyyətlərini tam dərk etmirdilər və dünyada yeni, ədalətli bir nizam yaratmağa qadir olmadılar”.

Hazırladı: Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki