İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunu tənqid edən şəxslərin vətəndaşlığının ləğv edilməsini nəzərdə tutan qanun layihələrinin hazırlanacağını açıqlayıb.
Reuters-in məlumatına görə, Netanyahu sentyabrın 16-da yayımladığı videomüraciətdə İsrail əsgərlərini “ləkələyən” şəxslərə qarşı sərt tədbirlərin görüləcəyini bildirib.
Korrekt.az xəbər verir ki, Baş nazirin açıqlamasının İsrail əsgərlərinin Qəzza zolağında mülki şəxsləri öldürməsindən bəhs edən və Venesiya Film Festivalında əsas mükafatlardan birinə layiq görülən “NAZA” sənədli filminin rejissorlarına da aid olduğu bildirilir. Film kəşfiyyat zabitləri və hərbçilərlə anonim müsahibələr əsasında hazırlanıb.
Netanyahu iki qanun layihəsi irəli sürəcəyini bildirib. Onlardan birinin İsrail əsgərlərini “ləkələyən” şəxslərin vətəndaşlığının ləğv edilməsini, digərinin isə belə şəxslərə qarşı böhtana görə tətbiq olunan kompensasiya məbləğinin 20 dəfə artırılmasını nəzərdə tutduğu açıqlanıb.
“Biz onlara həm ciblərindən, həm də vətəndaşlıqlarından zərbə vuracağıq”, – Netanyahu bildirib.
Baş nazir qanunvericilik təşəbbüsünü əsaslandırarkən üç hadisəyə istinad edib. Bunların arasında “NAZA” filmi, keçmiş general və siyasətçi Yair Golanın 2025-ci ildə İsraildə uşaqların “hobbi kimi öldürülməməli” olduğunu söyləməsi və 2024-cü ildə Qəzzada saxlanılan fələstinliyə əsgərlərin təcavüz etdiyini göstərən videonun yayılması yer alıb.
“NAZA” filminin müəllifləri isə israillilərin sənədli filmi izləməsinin və filmdə təqdim olunan hadisələrlə üzləşməsinin vacib olduğunu bildiriblər.
Qəzza səhiyyə orqanlarının məlumatına görə, İsrailin hərbi əməliyyatları nəticəsində bölgədə 73 mindən çox fələstinli həlak olub. Məlumatlarda ölənlərin əksəriyyətinin mülki şəxslər olduğu bildirilir.
Müharibə 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra başlayıb. İsrailin məlumatına görə, həmin hücum nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1 200 nəfər öldürülüb.





















