Azərbaycanda ətin qiymətinin bahalaşması alıcıları narahat etməklə yanaşı həm də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Belə iddia olunur ki, yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata olacaq.
Türkiyədəki qiymət səviyyəsinin Azərbaycanda təkrarlanması real riskdir, yoxsa sosial şəbəkə şişirtməsidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Bizim.Media-ya açıqlayıb ki, Türkiyə istehlak tələbi ilə Azərbaycandakı tələb eyni deyil. Əhali arasında say baxımından xeyli fərq var.
Hazırda ətin qiyməti Türkiyə ilə müqayisədə çox aşağıdır. Ətin qiymətinin 35-40 manata qalxması yalnız 3-4 ilə ehtimal oluna bilər. Bu, inflayisya ilə bağlı olan məsələdir. İndiki halda isə bu, mümkün deyil.
V.Oruc diqqətə çatdırdı ki, ətin qiymətinin formalaşması üçün onun istehsalının maya dəyəri – yem, saxlama xərcləri və s. qiymət artımına məruz qalır və buna görə də bazarda qiymət dəyişməli olur.
“Dövlət Statistika Komitəsi sentyabr ayı üçün 2 faiz artıq qeyd edib. Bu artım tendensiyası gələcək aylarda da baş verəcək. Bu, yerli bazarın ətə olan tələbini ödəməməsi ilə daha çox əlaqədardır. Bunu da diqqətə alaq ki, Azərbaycanda ətin daha çox istifadə olunduğu və tələbatın böyük olduğu ölkələrdəndir. Bu artım müvəqqəti deyil, son 3 ili analiz etsək görərik ki, heç vaxt ətin qiymətində geriyə qayıdış olmayıb. Əksinə hər bayramda qiymət artıb, yerini möhkəmləndirib və yeni bahalaşmaya zəmin yaradıb”.
Mütəxəssis əlavə etdi ki, qiymətlərin tənzimlənməsi üçün müəyyən addımlar atılmalıdır ki, həm yerli istehsal artsın, həm də çəkilən xərclərin maya dəyəri azaldılmalıdır. Azalma da olmasa da ən azından sabit qalması üçün tədbirlər görülməlidir.





















