Böyük Britaniyada yeni ərazilərə sürətlə yayılan və yerli su canlılarını sıxışdırmaq potensialına malik invaziv “qatil karides” növü aşkarlanıb.
Korrekt.az xəbər verir ki, BBC-nin məlumatına görə, mütəxəssislər Dikerogammarus haemobaphes elmi adı ilə tanınan bu invaziv xərçəngkimisinin yerli su ekosistemlərinə ciddi zərər vura biləcəyindən narahatdırlar.
Xəzər dənizi hövzəsindən mənşə aldığı bildirilən bu növ digər yerli xərçəngkimilərdən daha iri olması və bel hissəsindəki xarakterik zolaqlı naxışları ilə seçilir.
“Qatil karides” Böyük Britaniyada Uiltşir və Berkşir qraflıqlarından keçən Kennet çayının qolu olan Holli Bruk ərazisində aşkarlanıb.
Mütəxəssislərin bildirdiyinə görə, bu canlı kiçik balıqları, onların yumurtalarını və digər su orqanizmlərini yeməklə yerli növlərə təzyiq göstərə bilər. Onun qidalanma və davranış xüsusiyyətlərinin su ekosisteminin balansına, o cümlədən suyun keyfiyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir.
Növün Böyük Britaniyaya qayıqların gövdəsinə və ya digər avadanlıqlara yapışaraq gətirildiyi ehtimal olunur. Daha sonra qayıqçılar və balıqçılar tərəfindən avadanlıqlar vasitəsilə müxtəlif su hövzələrinə yayılmış ola biləcəyi güman edilir.
Mütəxəssislər su idmanı və balıqçılıqla məşğul olan şəxsləri invaziv növlərin yayılmasının qarşısını almaq üçün “Yoxla, Təmizlə, Quru” qaydasına əməl etməyə çağırıblar.
Qaydaya əsasən, su hövzəsindən çıxarkən avadanlıqlar diqqətlə yoxlanılmalı, təmizlənməli və başqa su hövzəsinə aparılmadan əvvəl tamamilə qurudulmalıdır.
Mütəxəssislər hesab edirlər ki, bu sadə tədbirlər invaziv növlərin yeni ərazilərə yayılmasının qarşısını almağa və Britaniyanın yerli su ekosistemlərini qorumağa kömək edə bilər.





















