“Playboy” jurnalının təsisçisi Hyu Hefnerin Ceffri Epşteynlə bağlı ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) dəfələrlə müraciət etdiyi, lakin agentliyin onun xəbərdarlıqlarına uzun müddət reaksiya vermədiyi iddia olunur.
Korrekt.az “New York Post”a istinadən xəbər verir ki, Hefner Epşteynin ona qarşı cinsi zorakılıq və insan alveri törətdiyini bildirən keçmiş model Audra Linn Kristiansenin müraciətindən sonra 2005-ci ildə onun adından FTB ilə əlaqə saxlayıb.
Qəzetin istinad etdiyi məhkəmə sənədlərinə əsasən, Hefner FTB-yə dəfələrlə zəng edərək Kristiansenin iddialarını araşdırmağı xahiş edib. Lakin agentlik onunla yalnız 2020-ci ildə, yəni Epşteynin həbsxanada ölümündən təxminən bir il sonra əlaqə saxlayıb.
Kristiansen iddia edib ki, Epşteyn tərəfindən cinsi istismara məruz qalıb və insan alverinin qurbanına çevrilib. O, həmçinin Makao kazinolarının mərhum milyarderi Stenli Hoya satıldığını bildirib.
Məlumata görə, Kristiansen Hefnerdən onun adından hüquq-mühafizə orqanlarına müraciət etməsini istəyib. Keçmiş model Hefnerin hüquq-mühafizə orqanları ilə əlaqələrinin və nüfuzunun onun iddialarının daha ciddi qəbul edilməsinə kömək edəcəyinə inanıb.
Epşteynin 32 qurbanı tərəfindən ABŞ hökumətinə qarşı qaldırılan iddiada FTB-nin bu müraciətlərə vaxtında reaksiya vermədiyi iddia olunur.
Qurbanları təmsil edən vəkil Jordan Merson “New York Post”a bildirib ki, FTB-nin Epşteynlə bağlı araşdırmadakı mümkün səhlənkarlığa görə məsuliyyətdən yayınmaq üçün prosedur arqumentlərdən istifadə etməsi “dərin narahatlıq doğurur”.
İyun ayında FTB məhkəmədən iddianın rədd edilməsini istəyib. Agentlik bildirib ki, daxil olan hər bir şikayəti araşdırmaq qanunla məcburi deyil. İş üzrə məhkəmə prosesi davam edir.
Ceffri Epşteyn 2019-cu ilin iyulunda yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı ittihamlarla həbs olunub. O, məhkəməyə çıxarılmasını gözləyərkən həbsxanada ölüb. Epşteyn daha əvvəl, 2008-ci ildə yetkinlik yaşına çatmayan şəxsin fahişəliyə cəlb edilməsinə görə təqsirini etiraf etmiş və prokurorlarla bağlanan mübahisəli razılaşma çərçivəsində 13 ay həbs cəzası çəkmişdi.
ABŞ Ədliyyə Nazirliyi bu ilin əvvəlində Epşteyn işi ilə bağlı 3 milyondan çox səhifə sənəd yayımlayıb. Sənədlərdə Microsoft-un həmtəsisçisi Bill Qeyts, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, musiqiçi Mik Caqqer və aktyor Kevin Speysi də daxil olmaqla yüzlərlə şəxsin adı keçir.
Bununla belə, sənədlərdə bir şəxsin adının çəkilməsi onun cinayət törətdiyini və ya Epşteynin qanunsuz fəaliyyətində iştirak etdiyini göstərmir. Bir çox şəxsin adı yalnız yazışmalarda, xəbərlərdə və ya digər materiallarda qeyd olunub.
Hyu Hefnerlə bağlı isə 2022-ci ildə onun ölümündən sonra yayımlanan “Playboyun sirləri” sənədli serialında bir sıra qadınlar tərəfindən cinsi istismar və məcburetmə ittihamları irəli sürülüb. Onlar Hefner tərəfindən cinsi əlaqəyə məcbur edildiklərini və narkotik vasitələrdən istifadə etməyə sövq edildiklərini iddia ediblər.
Bu iddialar məhkəmə tərəfindən təsdiqlənməyib. Hefnerin keçmiş sevgililəri, əməkdaşları, “Playboy” modelləri və şirkətin müxtəlif müəssisələrində çalışmış yüzlərlə qadın daha sonra onu müdafiə edən açıq məktuba imza atıblar.





















