Son zamanlar insanların əksəriyyəti ödənişlər zamanı nağd puldan deyil, bank kartlarından istifadə edir. Kartla ödəniş etmək insanların işini asanlaşdırsa da, digər tərəfdən müəyyən problemlər də yaradıb. Çünki son dövrlərdə kiberdələduzlar tərəfindən bank kartlarına qarşı müxtəlif kiberhücumlar həyata keçirilir.
Əvvəllər pul kisəmizi qorumaq kifayət edirdisə, indi kart məlumatlarımızı da qorumaq məcburiyyətindəyik. Kartdakı pullar oğrular tərəfindən yalnız bankomatlar vasitəsilə oğurlanmır. Kiberdələduzlar kart məlumatlarını ələ keçirmək üçün bir deyil, bir neçə üsuldan istifadə edirlər.
Bu üsullardan biri də telefon zəngi vasitəsilə dələduzluq etməkdir. Kiberdələduz kart sahibinə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edir. Daha sonra “Hesabınızda şübhəli əməliyyat aşkarlanıb”, “Kartınız bloklanacaq” kimi ifadələr işlədərək qarşı tərəfdən kart məlumatlarını tələb edir.
Dələduzların əsas silahlarından biri kart sahibini düşünməyə vaxt qoymadan qərar verməyə məcbur etməkdir. Panikaya düşən şəxs kart məlumatlarını və ya mobil telefonuna göndərilən təsdiq kodunu qarşı tərəfə deyə bilər. Nəticədə isə kartdakı vəsait kiberdələduzların hesabına köçürülə bilər.
Zəng üsulundan başqa, kiberdələduzlar “hədiyyə” və “saxta link” üsullarından da geniş istifadə edirlər. Kart sahibinə “Hədiyyə qazandınız”, “100 manat pul qazandınız”, “Sifarişinizlə bağlı problem var” kimi mesajlar göndərilir və həmin mesajlara saxta linklər əlavə olunur.
Bu linklərə daxil olan şəxs bankın rəsmi internet səhifəsinə bənzəyən saxta saytla qarşılaşa bilər. Burada kart məlumatlarının daxil edilməsi həmin məlumatların kiberdələduzların əlinə keçməsinə və vəsaitin itirilməsinə səbəb ola bilər.
Bəs kibercinayətə məruz qaldığımız zaman nə etməliyik?
İlk növbədə dərhal bankla əlaqə saxlamalı və kartın bloklanmasını tələb etməliyik. Daha sonra vaxt itirmədən hüquq-mühafizə orqanlarına müraciət etməli, zəng tarixçəsini, göndərilən mesajları, linkləri və digər mümkün sübutları təqdim etməliyik.
Kart məlumatlarının qorunması yalnız bank əməkdaşlarının deyil, eyni zamanda kart sahibinin də məsuliyyətidir. Məhz buna görə də hər bir kart sahibi belə hallarda diqqətli olmalıdır. Heç bir bank əməkdaşı telefonla kartın PIN-kodunu, CVV/CVC məlumatını və ya SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu tələb etməməlidir.
Kartın özü cibimizdə olsa da, diqqətsiz olduğumuz bir neçə dəqiqə ərzində hesabımızdakı vəsait riskə atıla bilər. Buna görə də rəqəmsal ödənişlərin geniş yayıldığı bir dövrdə pulumuzu harada gizlətməkdən daha vacib məsələ onu necə qorumağı bilməkdir.
Könül Mürsəliyeva





















