Rusiya Prezidenti Vladimir Putin Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcəyi ilə bağlı Ermənistan rəhbərliyinin mövqeyinə aydınlıq gətirib.
Korrekt.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Putin Bişkekdə jurnalistlərlə söhbəti zamanı bildirib ki, Ermənistan Rusiya hərbi bazasının mövcudluğunda maraqlı olmadığını bəyan edərsə, Moskva bazanı ölkədən çıxarmağa hazırdır.
“Əgər Ermənistan Rusiya hərbi bazasına – Gümrüdəki bazaya ehtiyac duymadığını aşkar edərsə, sabah oradan çıxacağıq. Bəs Ermənistan buna hazırdırmı?” – deyə Putin bildirib.
Rusiya lideri vurğulayıb ki, Moskva öz hərbi mövcudluğunu Ermənistana zorla qəbul etdirmək niyyətində deyil.
“Biz heç kimə heç nəyi zorla qəbul etdirməyəcəyik. Əgər erməni xalqı yanında Rusiya hərbi qanadının olmasını istəyirsə, biz qalacağıq, işləyəcəyik və əməkdaşlıq edəcəyik”, – Putin qeyd edib.
Onun sözlərinə görə, Gümrüdəki Rusiya hərbi bazasının gələcək statusu ilə bağlı qərar Ermənistan hakimiyyətinin və ölkə vətəndaşlarının mövqeyi nəzərə alınmaqla qəbul edilməlidir.
Qeyd edək ki, Vladimir Putin hazırda Bişkekdədir. Rusiya Prezidenti burada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edir və bir sıra ikitərəfli görüşlər keçirir.





















