Rusiya Prezidenti Vladimir Putin xaricdə yaşayan və siyasi xarakterli ittihamlarla qiyabi məhkum edilmiş Rusiya vətəndaşlarına qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə nəzarət edəcək idarələrarası komissiyanın yaradılması ilə bağlı fərman imzalayıb.
Korrekt.az xəbər verir ki, sənəd sentyabrın 7-də Rusiyanın hüquqi informasiya portalında dərc olunub.
Komissiyaya Rusiya ədliyyə naziri Konstantin Çuyçenko rəhbərlik edəcək. Quruma Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB), Federal Vergi Xidməti, Rosfinmonitorinq və Baş Prokurorluğun nümayəndələri də daxil olacaq.
Yeni komissiyanın əsas vəzifələrindən biri müstəqil gəlir mənbəyi olmayan qiyabi məhkum edilmiş şəxslərin yaxın qohumlarına aylıq “humanitar yardım” göstərilməsi məsələsinə baxmaqdır.
Müavinətin məbləğinin minimum əməkhaqqı səviyyəsində olması nəzərdə tutulur. Ödənişlər məhkum edilmiş şəxsin dondurulmuş vəsaitləri və ya digər əmlakı hesabına, həmçinin bu şəxslər üçün açılmış xüsusi rubl hesabından həyata keçirilə bilər.
Komissiyanın yaradılması Rusiyadan kənarda olan və cəzadan yayınan şəxslərə qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirləri nəzərdə tutan qanunun icrasını təmin etmək məqsədi daşıyır. Sözügedən qanun Prezident Vladimir Putin tərəfindən imzalandıqdan sonra avqustun əvvəlində qüvvəyə minib.
Qanuna əsasən, qiyabi məhkum edilmiş şəxslərin bir sıra hüquqları məhdudlaşdırılır. Onların Rusiyadakı bank hesablarının dondurulması, daşınmaz əmlak və nəqliyyat vasitələrinin satışına qadağa qoyulması, “Gosuslugi” dövlət xidmətləri portalından və onlayn bankçılıq xidmətlərindən istifadənin məhdudlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, həmin şəxslərin müəyyən konsulluq xidmətlərindən yararlanması, fərdi sahibkar kimi qeydiyyatdan keçməsi, kredit götürməsi və etibarnamə əsasında hüquqi əməliyyatlar aparması da qadağan edilə bilər.
Qeyd edək ki, Putin iyun ayında Rusiyanın maraqlarına qarşı inzibati xətalar törətməkdə ittiham olunan xaricdə yaşayan şəxslərin əmlakının müsadirəsinə imkan verən digər qanunu da imzalayıb.
Sözügedən siyahıya Rusiya ordusunun “nüfuzdan salınmasına” görə məsuliyyət, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar və digər siyasi xarakterli pozuntular daxildir. Qanuna əsasən, müsadirə edilən əmlakın dəyəri tətbiq olunan cərimənin məbləği ilə məhdudlaşdırılmır.





















