image-1backend

Qızqayıtdı, Xoruzlu, Bağırsaq… – ölkədə qəribə kənd adları

image-ads-728x90

Azərbaycanda bir sıra kənd adları sadəcə gülməli yox, həm də biabırçıdır. Bu adlar nə milli dəyərləri təmsil edir, nə tarixi şəxsiyyətləri, nə də coğrafi xüsusiyyətləri. Əksinə, onlar lağlağı predmeti olur, sakinlərə problem yaradır, cəmiyyətin özünə hörmətini sarsıdır. Azərbaycan xəritəsində Xoruzlu, Bağırsaq, Məmişlər, Qızqayıtdı adlı yaşayış məntəqələri varsa, artıq bu, sadəcə toponim məsələsindən daha çox milli yumorun coğrafiyaya transferi kimi görünür.

Elə kənd adları var ki, onları ucadan oxumağa utanırsan, yazmağa tərəddüd edirsən, uşağın yanında deməyə isə ümumiyyətlə dilin gəlmir. Amma qəribəsi budur ki, bu adlar rəsmi sənədlərdə, xəritələrdə, dövlət reyestrində, yolkənarı lövhələrdə var. Bircə sağlam məntiqdə yoxdur. Gəlin etiraf edək, Dandıx, Bılıx, Mırtı, Potu, Cimi, Cek kimi adlar ilk baxışda kənd yox, sanki sosial şəbəkə ləqəblərini xatırladır. Amma iş bununla da bitmir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən Ətyeməzli, İnəkboğan, Qoyunbinəsi, Malbinəsi, Bağırsaq, Qoturlu, Dəlləklər kimi kənd adları artıq ironiyanı aşır, birbaşa “ad-san problemimiz” olduğunu göstərir. Təsəvvür edin, bir məktəbli deyir: “Mən Bağırsaq kəndində yaşayıram”.

Yaxud rəsmi tədbirdə kimsə tribunadan elan edir: “Hörmətli Qızqayıtdı kəndinin sakinləri…”

Burada artıq dövlət protokolu yox, stand-up səhnəsi başlayır. Əlbəttə, bu adların bir qismi tarixi, dialektal, etnoqrafik köklərə söykənə bilər. Amma tarix var deyə, biabırçılıq da qorunmalıdırmı? Axı ad insanın özünü təqdim etdiyi ilk vizit kartıdır.

Xüsusilə Yanıxlı, Qırmızı Saqqalar, Burunlu, Ayıbasanlı, Yekəxana, Sorsor, Ərəbşalbaş, Qarabaldır kimi adlar artıq folklor yox, açıq-aşkar istehza obyektinə çevrilib. Bu kəndlərin sakinləri sosial mediada zarafat, uşaqlar məktəbdə lağ hədəfi olur, rəsmi yazışmalar isə gülüş doğurur. Ən maraqlısı budur ki, ölkədə küçə adını dəyişmək üçün illərlə müzakirə aparılır, amma “Dəlləklər” adlı kənd rəsmi sənədlərdə problemsiz yaşayır. Bu məsələ təkcə estetik deyil, həm də ictimai psixologiya, milli imic və dil mədəniyyəti məsələsidir. Bəlkə də artıq vaxtıdır ki, bu adlara romantik folklor pərdəsi arxasından yox, real ictimai problem kimi baxaq. Çünki kəndin adı zarafat mövzusudursa, sakin də gec-tez o zarafatın obyektinə çevrilir. Nəticədə bu zəmində kriminal xarakterli münaqişələr də yarana bilər, Allah bilir, bu üzdən nə qədər dava-dalaşlar da olub.müsavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki