image-1backend

“Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdr” – İqtisadçıdan təklif

image-ads-728x90

Açıqlanan sonuncu rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 31,4 faizi və ya 3 milyon 213 min nəfəri Abşeron yarımadasında – Bakı və Sumqayıt şəhərləri ilə Abşeron rayonunda məskunlaşıb.

Açıqlanan digər rəsmi məlumatlar Abşeron yarımadasında məskunlaşanların sayının daha çox ola biləcəyini göstərir.

Qeyd edək ki, ölkə üzrə qeydə alınan müxtəlif sosial-iqtisadi göstəricilərdə Bakı, Sumqayıt və Abşeronun payı əhali sayından əhəmiyyətli dərəcədə yüksəkdir.

Məsələn, uşaq bağçalarına gedən uşaqların 47,5 faizi, ümumi təhsil müəssisələrində oxuyanların 40,5 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür.
Həkimlərin 73,3 faizi, orta tibb işçilərinin 49,7 faizi və ölkədəki xəstəxanaların 53,7 faizi də bu üç ərazidə yerləşir.
Bundan başqa, ölkə üzrə əhali tərəfindən istehlak olunan təbii qazın 48,2 faizi, elektrik enerjisinin 55,1 faizi Bakı, Sumqayıt və Abşeronda istifadə olunur.
Pərakəndə ticarət dövriyyəsinin isə 66,8 faizi məhz bu üç ərazinin payına düşür.
Bu göstəricilər Bakı, Sumqayıt və Abşeronun ölkənin demoqrafik göstəricilərindən daha böyük iqtisadi və sosial yükə malik olduğunu göstərir. Bu isə paytaxtda faktiki məskunlaşan əhalinin rəsmi statistikada göstərilən rəqəmdən daha çox ola biləcəyinə dair fikir formalaşdırır.

Bəs əhalinin rayonları tərk edərək Bakı, Sumqayıt və Abşerona axınının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı  açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, problemin həlli üçün regionlarda yaşamağın iqtisadi baxımdan daha sərfəli olması təmin edilməlidir:

“Bunun üçün yalnız yeni iş yerlərinin yaradılması kifayət deyil, rayonlarda yaşayan əhalinin gündəlik xərcləri də nəzərə alınmalıdır. İnsan üçün yaşayış yerini seçərkən əsas meyarlardan biri gəlir və xərclərin nisbətidir. Rayonda bir ailənin gəliri Bakıdakı ailədən aşağıdırsa, amma eyni zamanda həmin ailənin kommunal xərcləri daha yüksəkdirsə, bu, regionlarda yaşamaq üçün əlavə iqtisadi yük yaradır. Məsələn, rəsmi statistikaya görə, paytaxt Bakıda muzdlu işçilərin orta aylıq əməkhaqqı 1375 manatdır. Amma rayonların əksəriyyətində muzdlu işçilərin maaşı bundan təxminən 2 dəfə azdır. Bir çox rayonda orta aylıq əməkhaqqı 600-700 manat arasında dəyişir. Maaşlar arasında bu qədər kəskin fərqin olmasına baxmayaraq, rayonlarda yaşayanların kommunal xərcləri paytaxt sakinləri ilə eyni səviyyədədir. Hesab edirəm ki, orta aylıq əmək haqqında nə qədər fərq varsa, kommunal xidmət tariflərində də o qədər fərq olmalıdır. Necə olur ki, ayda 1400 manat alan da təbii qaz üçün 13-14 qəpik ödəyir, 650 manat alan da? Rayonlarda maaş Bakıdan 2 dəfə azdırsa, kommunal xərclər də 2 dəfə aşağı olmalıdır”.

Ekspert bildirir ki, regionlara görə diferensial tariflərin tətbiqi dünyanın bir çox ölkəsində, o cümlədən qonşu ölkələrdə uzun müddətdir tətbiq edilir:
“Regionlar arasında fərqli tarif qonşu Türkiyədə, Rusiyada, Gürcüstanda tətbiq edilir. Rusiyada paytaxt Moskva ilə regionlar arasında ciddi tarif fərqləri mövcuddur. Hesab edirəm ki, regionlara görə diferensial tarif Azərbaycanda da tətbiq oluna bilər. Belə olarsa, rayonlarda yaşamağı iqtisadi baxımdan daha cəlbedici etmək olar. Əgər bir ailə rayonda qalmaqla il ərzində kommunal xərclərinə bir neçə yüz manat qənaət edə bilirsə, bu, həmin ailənin Bakı və Abşerona köçmək qərarına müəyyən qədər təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, kommunal güzəştlərlə yanaşı, regionlarda yaşayan və fəaliyyət göstərən şəxslər üçün mövcud vergi güzəştlərinin də genişləndirilməsi mümkündür:
“Regionlarda həm sahibkar, həm də muzdlu çalışanlar üçün əlavə stimullar yaradılmalıdır. Məsələn, regionda fəaliyyət göstərən biznes üçün vergi və sosial sığorta yükünün daha da azaldılması, yeni iş yerləri yaradan sahibkarlara əlavə güzəştlərin verilməsi mümkündür. Bu halda həm iş yerləri artar, həm də əhalinin paytaxta köçmək motivasiyası zəifləyər. Əgər insanlar öz rayonunda normal gəlir əldə edə, kommunal xərclərini daha aşağı səviyyədə saxlaya və sosial xidmətlərə çıxış əldə edə bilərlərsə, onların Bakıya köçməsi üçün iqtisadi səbəblər azalacaq. Ona görə də regionların inkişafı sadəcə infrastruktur layihələri ilə deyil, insanların cibinə birbaşa təsir edən iqtisadi mexanizmlərlə də dəstəklənməlidir”.Yeniavaz.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki