Rusiya və Ukrayna mediası sentyabrın 4-nə keçən gecə qarşı tərəfin ərazilərinə hava zərbələri endirilməsi barədə məlumat yayıb.
Korrekt.az xəbər verir ki, Rusiya ordusunun Kiyevə endirdiyi hava zərbəsi nəticəsində üç nəfər yaralanıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Rusiya hərbçiləri Qoloseyevski rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Zərbə binanın 8-ci və 9-cu mərtəbələri arasında baş verib. Bundan sonra yaşayış binasında yanğın qeydə alınıb. Xilasedicilər 25 nəfəri təxliyə edə biliblər.
Bundan əlavə, Rusiya qüvvələrinin Ukraynada “Teva” əczaçılıq şirkətinə məxsus anbara iki dəfə zərbə endirdiyi bildirilir.
Qeyd olunur ki, “Teva” şirkəti Spazmalgon, Troxevasin, Gepabene, Decatilen, Dolobene, Almagel, Aleron və Olfen də daxil olmaqla 260-dan çox dərman preparatı istehsal edir. Şirkət hücumların nəticələrini qiymətləndirdiyini və dərman təchizatında mümkün fasilələrin qarşısını almaq üçün tədbirlər gördüyünü açıqlayıb.
Digər tərəfdən, sentyabrın 4-nə keçən gecə Ukraynanın Rusiyanın Soçi şəhəri yaxınlığında hava hücumları həyata keçirdiyi barədə məlumat yayılıb.
Ukrayna mənbələri hücumun Sirius qəsəbəsi yaxınlığında yerləşən hava hücumundan müdafiə bölməsinə qarşı həyata keçirildiyini iddia edir.
Bildirilir ki, Psou çayı və Abxaziya ilə sərhəd yaxınlığında Rusiyanın S-300 və ya S-400 hava hücumundan müdafiə sistemlərindən biri yerləşir. Partlayışlardan sonra həmin ərazidə yanğın baş verdiyi qeyd olunur.
Həmçinin Soçidə neft anbarında yanğın baş verdiyi barədə məlumat yayılıb.
Tərəflərin qarşılıqlı zərbələrlə bağlı açıqlamaları müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.





















