Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılmasında iştirak etmiş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları mükafatlandırılıb.
Lent.az-ın yerli mediaya istinadla bildirir ki, mükafatlar Sverdlovsk vilayəti üzrə DİN Baş İdarəsinin genişləndirilmiş kollegiya iclası zamanı təqdim olunub. Tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk vilayəti üzrə polis baş idarəsinin rəisi Aleksandr Meşkov, regionun baş prokuroru Boris Krılov və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Məlumata əsasən, əməliyyatçılarla yanaşı, iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları da mükafata təqdim olunub.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı əsassız olaraq, saxlanılıb. Əməliyyat zamanı iki həmyerlimiz – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüblər.
Bundan başqa, avqust ayında isə Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlındski də saxlanılaraq, barəsində cinayət işi açılıb. O, guya Fehruz Şirinova qarşı sui-qəsddə və bizneslə məşğul olan İkram Paşayevin qətlinin təşkilində iştirak edib.
Xatırladaq ki, Rusiya mediasında da sonradan yayılan məlumatlara görə, Yekaterinburqda azərbaycanlıların saxlanılmasına göstəriş verən Sverdlovsk vilayəti üzrə istintaq komitəsinin şöbə rəisi verdiyi əmrə səbəb tapa bilməyib. Keçirilən həmin səbəbsiz əməliyyatla bağlı Sverdlovsk istintaq komitəsində dəfələrlə araşdırma aparılıb.
AZAL təyyarəsinin Rusiya hava məkanında vurulması ilə cinayət işinə Rusiya İstintaq Komitəsi tərəfindən ötən ilin dekabrında xitam verilməsinin ardınca Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılmasında iştirak etmiş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşlarının mükafatlandırılması sanki Azərbaycanı qıcıqlandırmaq üçün edilir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a öncə bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı əməliyyat əslində saxlanılma deyildi, açıq-aşkar zorakılıq idi, azərbaycanlıları o şəkildə təhqir etmək projesi həyata keçirildi: “Kimsə hansısa cinayətdə şübhə bilinirsə belə, onun saxlanılmasını sivil formada həyata keçirmək olardı. Lakin azərbaycanlılara qarşı əməliyyat hədsiz dərəcədə kobudluqla, zorakılıqla, təhqir elementləri ilə həyata keçirildi. Bu, Azərbaycana bir mesaj idi ki, sizin burada yüz minlərlə soydaşınız var və biz onlara qarşı istədiyimiz addımları ata bilərik. İndi isə həmin zorakı əməliyyatda iştirak etmiş adamların mükafatlandırılması bir daha sübut etmiş olur ki, azərbaycanlılara qarşı həmin zorakılıq əvvəldən planlı şəkildə sifariş edilib və təşkil olunub. Bu gün isə həmin tapşırığı “yüksək səviyyədə” həyata keçirənlərə mükafat verilir. Bu da Azərbaycana qarşı mesajdır”.
Hüquq müdafiəçisi qeyd edib ki, AZAL təyyarəsi ilə bağlı istintaqa xitam verilməsi də Azərbaycana qarşı bir addım idi: “Göründüyü kimi, Azərbaycanı qıcıqlandıran və narazı salan addımlar sistemli şəkildə davam etdirilir. Bütün bunlar göstərir ki, Rusiya Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı deyil”.





















