image-1backend

Saatlıda su problemi: Çıxış yolu nədir?

image-ads-728x90

Saatlı rayonunun Nurulu, Mirili, Muradalılı, Mürsəlli, Qaralar, Bəcirəvan və Şəmmədli kəndlərinin sakinləri su qıtlığından əziyyət çəkirlər.

Sosial şəbəkələrdə yayımlanan görüntülər əsasən, yay mövsümünün əvvəlindən etibarən rayon sakinlərinin istifadə etdiyi suvarma kanallarına suyun verilməsi tamamilə dayandırılıb. Nəticədə, həyətyanı sahələrin, bağların və əkin sahələrinin suvarılması qeyri-mümkün olub.

Yerli sakinlər bildiriblər ki, su qıtlığı təkcə əkin sahələrinin suvarılmasına deyil, həm də içməli su təminatına və heyvandarlığa ciddi təsir göstərib. Onların sözlərinə görə, içməli suyu pulla almağa məcbur qalmaları ailə büdcəsinə əlavə yük yaradır.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Yeni Sabah”a bildirib ki, isti aylarda su ehtiyatlarının azalmasının əsas səbəbi arasında temperaturun yüksəlməsi ilə buxarlanmanın artması, çaylarda su səviyyəsinin aşağı düşməsi və quraqlığın güclənməsidir:

“Mil-Muğan iqtisadi rayonunun kənd təsərrüfatı baxımından ən mühüm rayonlarından biri olan Saatlı ölkənin su ehtiyatları baxımından həssas ərazilərindən biridir. Rayonun kənd təsərrüfatının əsasən suvarmaya söykənir. İqlimi qurudur və suvarma suyu böyük həcmdə xarici su mənbələrindən və hidrotexniki sistemlərdən asılıdır.

Bu amil rayonda su təminatını xüsusi əhəmiyyətli məsələyə çevirir. Saatlıda 60 min hektardan artıq suvarma sahəsinə xidmət göstərən sistem mövcuddur və bu 1400 kilometrdən çox suvarma kanalı və 2000-dən artıq hidrotexniki qurğunu əhatə edir.

Yay aylarında Saatlıda suya tələbat kəskin artır. Ümumən isti aylarda su ehtiyatlarının azalmasının əsas səbəbi arasında temperaturun yüksəlməsi ilə buxarlanmanın artması, çaylarda su səviyyəsinin aşağı düşməsi və quraqlığın güclənməsidir. Temperaturun yüksəlməsi həm su hövzələrindən, həm də torpaq səthindən buxarlanmanı sürətləndirərək su itkisini artırır. Yağıntıların azalması və uzunmüddətli quraqlıq çayların su sərfinin aşağı düşməsinə, nəticədə suvarma üçün mövcud ehtiyatların azalmasına səbəb olur. Eyni zamanda, yay aylarında kənd təsərrüfatında suya tələbatın kəskin artması mövcud su resurslarına təzyiqi gücləndirir. Bu amillərin üst-üstə düşməsi isti mövsümdə su qıtlığının daha qabarıq hiss olunmasına gətirib çıxarır”.

Ekoloq əlavə edib ki, sözügedən bölgədə su ehtiyatlarının azalmasını yalnız mövsümi hesab etmək də düzgün olmaz:

“Saatlıda əkinçilik böyük ölçüdə suvarmadan asılıdır. Bölgədə pambıq, taxıl, yem bitkiləri, bostan-tərəvəz əkilir. Bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün su əsas resurslardan biridir. Buna görə də suvarma suyunda yaranan hər hansı azalma təkcə fermerin gündəlik fəaliyyətinə deyil, bütövlükdə rayonun iqtisadi və sosial həyatına təsir göstərir. Amma sözügedən bölgədə su ehtiyatlarının azalmasını yalnız mövsümi hesab etmək də düzgün olmaz. Uzunmüddətli iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, transsərhəd çaylardan asılılıq, suvarma sistemlərində itkilər problemi daha da qabarıq üzə çıxarır. Əsas çaylarımız olan Kür və Araz çaylarından yuxarı hövzələrdə sugötürmələrin çoxalması aşağı axında su resurslarının azalmasına səbəb olur. Bu amil Kür-Araz hövzəsinin aşağı hissəsində yerləşən Saatlı kimi rayonlarda su təminatı ilə bağlı riskləri artırır.

Son illərdə Mil-Muğan iqtisadi rayonunda su çatışmazlığı məsələsi daha çox müzakirə olunur. “Yaşıl Dünya” iyul ayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Salyan və Saatlı rayonlarında su çatışmazlığı ilə bağlı fermerlərin iştirakı ilə ictimai müzakirə keçirib. Fermerləri dinlədik, problemlərini öyrəndik, yeni suvarma metodları ilə bağlı təşəbbüslərlə tanış olduq.

Müzakirələrdə xüsusilə kənd təsərrüfatında sudan daha səmərəli və qənaətlə istifadə olunmasının vacibliyi vurğulandı. Fermerlər müasir suvarma texnologiyaları, o cümlədən damcılı və yağmurlama suvarma sistemləri barədə məlumatlandırıldı. Bu üsulların su itkilərinin azaldılması, torpağın optimal nəmlik səviyyəsinin qorunması və məhsuldarlığın artırılmasında yaratdığı imkanlardan danışıldı”.

E.Cəfərli vurğulayıb ki, su qıtlığının getdikcə daha ciddi problemə çevrildiyi şəraitdə ənənəvi suvarma üsullarından müasir, resursa qənaət edən texnologiyalara keçid mühüm əhəmiyyət daşıyır:

“Qlobal istiləşmənin nəticələrinin yumşaldılması dövründə yaşayırıq. İndi hər kəs: əkinçi də, heyvandarlıqla məşğul olan da bilməlidir ki, artıq bolluq dövrü deyil. Hər damlanın qədrini bilməliyik. Hər kəs bilməlidir ki, su qıtlığının getdikcə daha ciddi problemə çevrildiyi şəraitdə ənənəvi suvarma üsullarından müasir, resursa qənaət edən texnologiyalara keçid mühüm əhəmiyyət daşıyır.

Saatlıda mövcud su ehtiyatlarını qorumaq üçün ilk növbədə suyun nəqlini daha səmərəli metodlara keçirmək lazımdır. Torpaq kanallarla nəqli zamanı sızma və buxarlanma nəticəsində su 40 faiz itkiyə məruz qalır. Yaxşı olar ki, su beton səthli kanallarla və ya plastik borularla daşınsın. Su tarlaya itkisiz çatdırılmalı, suvarma infrastrukturu yenilənməlidir. Suya qənaətin ən effektiv yollarından biri də müasir suvarma texnologiyalarının tətbiqidir. Ənənəvi selləmə suvarmadan imtina olunmalı, suyu birbaşa bitkinin kök zonasına çatdırmağa imkan verən damcılı suvarmaya keçilməlidir. Həmçinin yağmurlama sisteminin tətbiqi də qənaəttcildir. Bu metod suyun sahə üzrə daha bərabər paylanmasına şərait yaradır”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki