Ukrayna ilə Rusiya arasında mümkün atəşkəsdən sonra əsas sual açıq qalır: bundan sonra nə baş verəcək? Artıq aylardır Qərb eyni fikri təkrarlayır – Ukraynaya “təhlükəsizlik zəmanətləri” veriləcək. Bu ifadə cəlbedici səslənsə də, onun konkret məzmunu hələ də qeyri-müəyyəndir. Avropa paytaxtları və Vaşinqton bu zəmanətlər deyərkən nəyi nəzərdə tutur? Rusiya yenidən hücuma keçərsə, Ukrayna uğrunda kim, nə vaxt və hansı şərtlərlə döyüşməyə hazırdır? Və ən əsası – buna ümumiyyətlə kimsə hazırdırmı?
Problemin mahiyyəti ondadır ki, hazırkı formada “təhlükəsizlik zəmanətləri” real çəkindirici mexanizmdən daha çox siyasi illüziyanı xatırladır. Nüvə silahına malik bir dövlətin təhdidi qarşısında mütləq təhlükəsizlik anlayışı mövcud deyil. Bu baxımdan Ukrayna Avropanın şərq cinahındakı digər ölkələrlə eyni reallığı bölüşür: kritik məqamda əsas olan imzalanmış sənədlər yox, müttəfiqlərin bu öhdəliklərin bədəlini ödəməyə hazır olub-olmamasıdır.
Parisdə keçirilən “könüllülər koalisiyası” sammiti də əslində artıq məlum olan həqiqəti bir daha təsdiqlədi: Avropa müharibəsiz zəmanətlər istəyir, ABŞ birbaşa iştirak etmədən məsuliyyəti bölüşmək niyyətindədir, Rusiya isə Ukraynanın təhlükəsizlik arxitekturasına veto qoymaq arzusundadır. Bu şəraitdə “zəmanətlər” anlayışı Kreml üçün çəkindirici vasitəyə deyil, daha çox müttəfiqləri sakitləşdirən siyasi təsəlliyə çevrilmək riski daşıyır.
Qərb Ukraynaya elə bir təhlükəsizlik modeli təklif edə bilərmi ki, sülh faktiki olaraq təxirə salınmış yeni müharibəyə çevrilməsin? Rəsmi ritorika nikbindir: Avropa birliyi, ABŞ-la koordinasiya, Fransa və Britaniya qoşunlarının yerləşdirilməsi ehtimalları, Ukrayna ordusuna uzunmüddətli dəstək vədləri. Lakin bu bəyanatların arxasında daha az ümidverici reallıq dayanır – aydın öhdəliklərin olmaması, Rusiya ilə birbaşa toqquşmadan qorxu və əsas suala cavab verməkdən yayınma: Rusiya yenidən hücum etsə, Qərb nə edəcək?
Bu nikbin bəyanatlarla paralel olaraq Avropadan daha ehtiyatlı, bəzən isə açıq-aşkar narahatedici siqnallar da gəlir. Böyük Britaniyada Silahlı Qüvvələrin Müdafiə Qərargahının rəhbəri admiral Riçard Nayton açıq şəkildə bildirib ki, Böyük Britaniya Ukraynanın təhlükəsizliyi təhdid altına düşərsə belə, ora qoşun göndərməyəcək. Fransa Prezidenti Emmanuel Makron da dəfələrlə vurğulayıb ki, Fransa qüvvələri döyüşlərdə iştirak etməyəcək, cəbhə xəttində olmayacaq və yalnız müşahidə funksiyası yerinə yetirəcək. Bu isə ciddi ziddiyyət yaradır: bir tərəfdən NATO-nun 5-ci maddəsinə bənzər ritorika, digər tərəfdən isə həmin zəmanətləri mənasız edən şərtlər.
Korrekt.az xəbər verir ki, Ukraynanın keçmiş xarici işlər naziri Volodimir Oqrızko Ukrayna mediasına verdiyi müsahibədə bu ziddiyyətlərin mahiyyətini açır.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizlik konsepsiyası son bir il yarım ərzində ciddi şəkildə dəyişib. Əgər əvvəllər təhlükəsizlik NATO üzvlüyü ilə eyniləşdirilirdisə, bu gün bu yanaşma artıq keçərli deyil. Donald Trampın hakimiyyətə qayıdışı fonunda NATO daxilində qeyri-sabitlik yaranıb və ABŞ-a etibar məsələsi ciddi sual altına düşüb.
Oqrızko hesab edir ki, ABŞ artıq etibarlı təhlükəsizlik təminatçısı kimi çıxış etmir. Onun fikrincə, Tramp administrasiyası təhlükəsizlik zəmanətlərini real öhdəliklərə çevirmək niyyətində deyil və daha çox iqtisadi maraqlara fokuslanır. ABŞ-ın Ukraynaya yanaşması Budapeşt Memorandumunu xatırladır – çoxlu sözlər, amma real nəticələrsiz.
Keçmiş nazir vurğulayır ki, Ukraynanın əsas dayaq nöqtəsi öz gücü və güclü ordusu olmalıdır. Avropanın dəstəyi mövcuddur, lakin bu dəstək yavaşdır və ehtiyac duyulan miqyasda deyil. Oqrızkonun fikrincə, yalnız aydın, hüquqi baxımdan bağlayıcı və şərhsiz öhdəliklər real təhlükəsizlik zəmanəti sayıla bilər. “Nəzərdən keçirəcəyik”, “məsləhətləşəcəyik” kimi ifadələr artıq qəbuledilməzdir.
O, həmçinin qeyd edir ki, Rusiyanın şantajı işləyir, çünki Qərb ondan qorxur. Əgər Avropa ölkələri açıq şəkildə bəyan etsəydilər ki, Ukraynada bir avropalı əsgərin ölümü müharibə elanı kimi qəbul ediləcək, Moskvanın davranışı dərhal dəyişərdi.
Oqrızkonun qənaətinə görə, bu gün Ukraynanın təhlükəsizlik zəmanətlərinin “açarları” faktiki olaraq Putinin əlindədir. Qərb Rusiyanın razılığı olmadan heç bir real addım atmağa cəsarət etmir. Lakin bu siyasət dəyişməsə, nəticə yalnız müharibənin uzanması olacaq.
“Məsələ Putinin razılığı deyil, onun başa düşməsidir: müharibənin davamı Rusiyanın çökməsi ilə nəticələnəcək. Onunla danışmağın yeganə dili budur”, – deyə Oqrızko vurğulayır.





















