Azərbaycanlı milyarder Vahid Ələkbərov haqqında araşdırmasının II hissəsində məşhur neft maqnatının ailəsinin dramatik taleyi təqdim olunur. Bu, təkcə bir milyarderin ailə tarixçəsi deyil, Bakı neft mədənlərindən başlayan, müharibə, sürgün və yoxsulluqdan keçən bütöv bir əsrin hekayəsidir.
“Qara şəhər”dən başlayan həyat
Vahid Ələkbərovun atası Yusif Kərbəlayi oğlu Ələkbərov XIX əsrin sonlarında İranda Təbriz yaxınlığında yerləşən kəndlərdən birindən Bakıya çörək dalınca gəlmiş əmşari ailəsinin (İrandan gəlmiş fəhlə) övladı idi.
Onun atası Kərbəlayi Ələkbərov Abşeron neft mədənlərində arabaçı işləyirdi. Həmin dövrdə neft mədənlərindən Bakının məşhur “Qara şəhər”inə neft daşımaq son dərəcə ağır və təhlükəli iş hesab olunurdu. Neftlə dolu çəlləklər palçıqlı yollarla at və araba vasitəsilə daşınırdı. Bakı həmin illərdə dünyanın ən böyük neft mərkəzlərindən biri idi, lakin neft sərvəti fəhlələrin həyatını dəyişmirdi. Onlar yoxsulluq, xəstəlik və ağır zəhmət içində yaşayırdılar.

İlk neft kəmərlərinin çəkilməsindən sonra fəhlələrin bir hissəsi kimi Ələkbərovlar ailəsi də yenidən İrana qayıtdı. Məhz burada 29 dekabr 1899-cu ildə Yusif Ələkbərov dünyaya gəldi.
Lakin 1905-ci ildə Bakıda baş verən hadisələr və neft sənayesinin yenidən ucuz işçi qüvvəsinə ehtiyac duyması ailəni yenidən Bakıya gətirdi. Yusif rus-tatar məktəbində təhsil aldı, eyni zamanda ailəsinə kömək etdi. O, uşaqlıqdan Abşeronun ağır neftçi həyatını yaşayaraq böyüdü.
Neftçi olmaq arzusu
1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın neft sənayesində yeni mərhələ başlandı. “Azneft” tresti yaradıldı, neft mədənləri yenidən qurulmağa başladı.
Yusif əvvəlcə neft mədənlərində çilingər işləyirdi. Savadı və texniki bacarığı ilə seçildiyi üçün “Azneft” rəhbərlərindən Aleksandr Serebrovskinin diqqətini çəkdi. Serebrovski onu fəhlə fakültəsində təhsil almağa təşviq etdi.
Yusif Ələkbərov neft mühəndisi olmaq arzusuyla Azərbaycan Sənaye Akademiyasının qiyabi şöbəsinə daxil oldu. Lakin onun həyatını dəyişən ən böyük hadisə müharibə oldu.
(Vahid Ələkbərov və bacısı Nelli xanım)
Tatyana Fyodorovna: sürgündən Bakıya
Yusif Ələkbərovun həyat yoldaşı Tatyana Fyodorovna Boçarovanın taleyi də ən az onun həyatı qədər ağır və faciəli idi.
Tatyana Şimali Qafqazda, Stavropol bölgəsindəki Kambulat kəndində kazak ailəsində doğulmuşdu. Onun atası Fyodor Boçarov zəhmətkeş kəndli idi. Lakin 1930-cu illərdə SSRİ-də başlanan kollektivləşmə siyasəti milyonlarla ailənin həyatını məhv etdiyi kimi, Boçarovlar ailəsini də darmadağın etdi. Ailə “qolçomaq” elan edildi.
Bu damğa həmin dövrdə insanın bütün həyatının məhv edilməsi demək idi. Boçarovlar ailəsinin əmlakı əlindən alındı, onlar doğma kəndlərindən sürgün edildilər. O illərdə minlərlə insan sürgün yollarında aclıqdan, soyuqdan və xəstəlikdən ölürdü.
Tatyananı isə son anda Bakıya – uzaq qohumlarının yanına göndərə bildilər. Bu, əslində, onun həyatının xilas olunması idi.
Bakıda onu tamamilə başqa bir həyat gözləyirdi, fəhlə yataqxanaları, yoxsulluq, ağır əmək və neft şəhərinin sərt həyatı. Məhz burada onun yolu Yusif Ələkbərovla kəsişdi.
Bu ailə təkcə sevgi üzərində qurulmamışdı. Bu, iki ağır talenin birləşməsi idi: biri İranın yoxsul fəhlə ailəsindən çıxmış neftçi oğlu, digəri isə sürgün edilmiş kazak ailəsinin qızı.
1930-cu illərin repressiya mühitində Tatyananın “qeyri-proletar keçmişi” Yusif üçün təhlükə yarada bilərdi. O dövrdə insanlar bəzən yalnız ailə mənşəyinə görə həbs edilir və ya sürgünə göndərilirdi. Lakin Yusif ailəsindən imtina etmədi.

Müharibə və qanlı cəbhə yolu
1941-ci ildə Almaniyanın SSRİ-yə hücumundan sonra Yusif Ələkbərov əvvəlcə neft sənayesinin vacib əməkdaşı kimi hərbi xidmətdən azad edilmişdi. Lakin 1942-ci ildə partiya səfərbərliyi ilə cəbhəyə göndərildi.
O, əvvəlcə 77-ci dağatıcı diviziyada tank əleyhinə tüfəng rotasının siyasi rəhbəri, daha sonra isə 223-cü Azərbaycan atıcı diviziyasında batalyon komandirinin siyasi işlər üzrə müavini kimi döyüşdü.
Kerç uğrunda döyüşlərdə Yusif başından ağır qəlpə yarası aldı. Bir neçə ay sonra isə Şimali Qafqaz cəbhəsində Novo-Ossetinsk istiqamətində gedən döyüşlər zamanı sağ çiynindən güllə yarası aldı və qanqrena təhlükəsi ilə üzləşdi. Onun həyatı son anda xilas edildi.
Qroznı və Bakı neft rayonlarının müdafiəsində iştirakına görə Yusif Ələkbərov “Qafqazın müdafiəsinə görə”, “Döyüş xidmətlərinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olundu.
(Vahid Ələkbərov və həyat yoldaşı Larisa xanım)
Müharibədən sonra başlayan başqa bir mübarizə
Müharibədən sonra Bakı minlərlə əlil veteranın toplandığı şəhərə çevrilmişdi. Yaralı və şikəst insanlar küçələrdə dilənməyə məcbur qalırdı. Yusif Ələkbərov bununla barışmadı.
O, müharibə əlilləri üçün istehsal arteli yaratmaq təşəbbüsü ilə çıxış etdi. Uzun çətinliklərdən sonra Bakının indiki Bəşir Səfəroğlu küçəsində emalatxanalar yaradıldı. Burada mebel hazırlanır, ayaqqabı tikilir, müxtəlif məişət əşyaları istehsal olunurdu.
Ən diqqətçəkən məqam isə artelin gəlirlərinin yoxsul və çoxuşaqlı əlil ailələrinə yönəldilməsi idi. Bu, əslində, sovet dövründə sosial sahibkarlığın nadir nümunələrindən biri idi. Yüksək istehsal göstəricilərinə görə Yusif Ələkbərov “Əmək fərqlənməsinə görə” və “Əmək rəşadətinə görə” medalları ilə də təltif edildi.
(Vahid Ələkbərov və oğlu Yusif)
Ölüm və ailənin dağılması təhlükəsi
Lakin cəbhədə aldığı yaralar onun ömrünü qısaltdı. 26 sentyabr 1953-cü ildə Yusif Ələkbərov vəfat etdi. Həmin vaxt ailənin ən kiçik övladı Vahid cəmi üç yaşında idi.
Tatyana Fyodorovna beş uşaqla tək qaldı. Ailənin yeganə gəliri ailə başçısını itirməyə görə verilən cüzi pensiya idi. Qonşular və sosial təminat orqanları ona kiçik oğlu Vahidi internata verməyi təklif edirdilər. Çünki həmin pulla ailənin yaşaması mümkünsüz görünürdü. Lakin Tatyana buna razı olmadı. Bu, onun həyatındakı ən ağır, eyni zamanda ən böyük qərarı idi.
O, evdə tikiş tikməyə başladı. Gecələr də işləyirdi. Uşaqlar böyüdükcə anaya kömək edirdilər. Bu ailədə hər tikə çörək böyük zəhmətlə qazanılırdı.

Yusif Ələkbərovun qızı Nelli Ələkbərovanın xatirələri
Yusif Ələkbərovun qızı Nelli Ələkbərova ailələrinin o illərini belə xatırlayır:
“Anamız Tatyana Fyodorovna 38 yaşında beş uşaqla dul qaldı. Ən kiçiyimiz Vahid idi, onun cəmi üç yaşı vardı. Anamız ailəni elə birləşdirə bilmişdi ki, biz sanki bir bütöv idik. Böyüklər kiçiklərə kömək edir, kiçiklər böyüklərə qulaq asırdı.
Əlbəttə, bizim inkişafımızda müəllimlərin də böyük rolu vardı, o dövrdə məktəbdə çox güclü təhsil və ənənə formalaşmışdı. Biz nə başqalarından yaxşı yaşayırdıq, nə də pis. Sadəcə hamı necə yaşayırdısa, biz də elə yaşayırdıq. Anamız dərsliklər barədə narahat olmurdu, beş uşaq üçün bu, böyük yük idi. Amma bütün dərsliklər bizə məktəbdə pulsuz verilirdi. Biz pulsuz təhsilin bütün imkanlarından istifadə etmişik. Hətta beşimiz də musiqi məktəbini pulsuz bitirmişdik. Bu, şəxsiyyətimizin formalaşmasında çox böyük rol oynadı. Amma ən əsas tərbiyə anamızdan gəlirdi, o, bizim əsas müəllimimiz idi.”
(Vahid Ələkbərov və bacısı Nelli Ələkbərova)
Nelli Ələkbərova atası barədə də danışaraq deyir:
“Atamız həqiqətən də Təbrizdən idi. O, neftçi idi. Ailədə demək olar ki, hamı neft sahəsində çalışırdı. Böyük bacım Züleyxa da bu sahədə işləyirdi, Bakıda Neft-Kimya İnstitutunun elmi-tədqiqat laboratoriyasına rəhbərlik edirdi.”
Həmin evdən çıxan dünya milyarderi
Sonralar dünyanın ən böyük neft şirkətlərindən birinə rəhbərlik edəcək Vahid Ələkbərov məhz həmin yoxsul və ağır şəraitdə böyümüşdü. Onun xarakterindəki sərt intizam, əməksevərlik və dözümlülük məhz ailəsinin yaşadığı faciələrin içində formalaşmışdı.
Vahid Ələkbərov sonralar atasının yarımçıq qalmış sosial ideyalarını müəyyən mənada davam etdirdi. O, 2007-ci ildə “Bizim Gələcəyimiz” Fondunu yaratdı. Fond sosial müdafiəyə ehtiyacı olan insanlar, əlillər, tənha analar və çətin vəziyyətdə yaşayan ailələr üçün layihələr həyata keçirməyə başladı. Bu, təsadüfi deyildi. Çünki Vahid Ələkbərov yoxsulluğun, müharibənin və sosial təcridin nə demək olduğunu öz ailəsinin taleyindən görmüşdü.

Bir ailənin timsalında bütöv bir əsrin faciəsi
Ələkbərovlar ailəsinin tarixi əslində XX əsrin tarixidir. Bu ailənin taleyində Bakı neft bumu da var, Stalin repressiyaları da, sürgünlər də, İkinci Dünya müharibəsi də, müharibədən sonrakı aclıq və yoxsulluq da. Bir tərəfdə İranın yoxsul fəhlə ailəsindən çıxmış neftçi Yusif Ələkbərov, digər tərəfdə sürgün edilmiş kazak ailəsinin qızı Tatyana Fyodorovna… Və onların kiçik, yoxsul Bakı evində böyüyən Vahid Ələkbərov.
Bu gün Vahid Ələkbərovun adı dünyanın ən zəngin neft sənayeçiləri sırasında çəkilir. Lakin onun ailə tarixinin dərinliklərində Bakı neft mədənlərinin qara zəhməti, Stalin dövrünün sürgün ağrıları, müharibə yaraları və bir ananın səssiz fədakarlığı dayanır.
Hafiz Əhmədov
HafizTimes.com





















