image-1backend

“Şəki Yaylası”ndakı faciə ilə bağlı cinayət işi açıldı – iki nəfər ölüb

image-ads-728x90

Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı cinayət işi başlanıb.

Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, sentyabrın 8-də istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Ucal Asif oğlu Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədzadə “Zipline” əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb.

Bunun nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində həyatını itirib.

Hadisə ilə bağlı əraziyə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və digər ekspertizalar təyin edilib. Hazırda istintaq çərçivəsində digər zəruri tədbirlər də həyata keçirilir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə — iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

İstintaq zamanı faciənin başvermə səbəbləri və şəraiti, “Zipline” qurğusunun texniki vəziyyəti, onun istismarının təhlükəsizlik tələblərinə uyğun olub-olmaması və digər mühüm hallar araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, hadisənin baş verdiyi ərazidə quraşdırılan “Zipline” qurğusu iki stasionar dirək arasında çəkilmiş buraz üzərində yerləşən diyircəklərdən ibarətdir. Qurumun məlumatına görə, qurğuda təhlükəsizlik cihazı və ya sığortalayıcı tros olmayıb.

FHN qeyd edib ki, belə qurğulara nəzarət nazirliyin səlahiyyətlərinə aid deyil. Bildirilib ki, “Zipline” mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil.

Bu səbəbdən qurğunun FHN-in tabeliyində olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə də aid olmadığı açıqlanıb.

Hadisənin ilk saatlarında şahidlərdən biri trosun kanatla hərəkət zamanı qırıldığını bildirib. Onun sözlərinə görə, nəticədə şəxslərdən biri yerə düşərək həyatını itirib, digər şəxs isə qırılan trosun zərbəsi nəticəsində ölüb.

Hazırda istintaq davam edir. Prokurorluq hadisənin bütün hallarının tam və hərtərəfli müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki