Bu gün Azərbaycanın ən rəmzi, ən sarsıdıcı və ən qürurverici qəhrəmanlıq tarixlərindən birinin sahibinin – Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində dünyaya gəlib. O, hələ məktəb illərindən sakitliyi, qətiyyəti və vətənpərvərliyi ilə seçilirdi. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirdikdən dərhal sonra həqiqi hərbi xidmətə yollanır. Xidməti Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçir. 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurur.
Lakin mülki həyata qayıtmaq onun xarakterinə uyğun deyildi. Mübariz üçün Vətən sadəcə söz deyildi. 2009-cu ilin avqustunda yenidən hərbi xidmətə – bu dəfə gizir rütbəsində qayıdır. Üstəlik, öz istəyi ilə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etməyə başlayır. Bu seçim onun gələcək taleyini də müəyyənləşdirir.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə baş verənlər isə artıq Azərbaycan hərb tarixinin ən parlaq, ən misilsiz qəhrəmanlıq salnamələrindən birinə çevrilir.
Gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı təxminən bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin mövqelərinə daxil olur, bir neçə əsgər və zabiti zərərsizləşdirir. Ardınca düşmənin öz silahlarını özünə qarşı istifadə edərək saatlarla davam edən təkbətək döyüşə girir.
Mübariz səhər saatlarına qədər, təxminən 5 saat qeyri-bərabər döyüş aparır və qəhrəmancasına şəhid olur.
Onun bu addımı təkcə hərbi əməliyyat deyil, milli ruhun oyanışı, xalqın yaddaşında silinməz iz buraxan bir hadisə kimi tarixə düşür.
Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Bu gün Mübariz İbrahimov qorxmazlığın simvolu, Vətən sevgisinin zirvəsi, Azərbaycan gəncinin mənəvi gücünün canlı abidəsidir.





















