image-1backend

Turizm bazarında canlanma: Şirkətlər çarter uçuşlarını artırır

image-ads-728x90

“Yay mövsümü artıq başlayıb və mövsümlə əlaqədar olaraq ölkədaxili və ölkəxarici turistlərin sayı artmaqdadır. Fevral və mart aylarında davam edən 40 günlük İran, İsrail və ABŞ müharibəsi, həmçinin bölgədəki gərginlik turizmə ciddi təsir göstərdi”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə bildirib. Onun sözlərinə görə, yuxarıda qeyd olunan amillər turistlərin sayına təsir edib:

“Lakin hazırda yay mövsümü olduğu üçün sezona başlanılıb və ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Bu səbəbdən şirkətlər çarter reyslərini artırıblar. Bu da istər-istəməz hava xətti ilə gələn turistlərin sayında artım yaradır”.

Ekspert bildirib ki, Azərbaycan yerüstü xətlərdə sadəcə Gürcüstan ilə dəmir yolu əlaqəsini açıb:

“Bilet qiymətləri 81 manatdan başlasa da, açılan kimi ən ucuz biletlər çox qısa müddət ərzində tükəndi. Artıq yer tapmaq çox çətindir. Təyyarə daha çox komfortlu və bahalı seçimdir. Qatar isə ucuz, uzun, lakin keyfiyyətli xidmət təklif edir. Sadəcə yolun uzun çəkməsi ailə ilə səyahətə gedənlərə mənfi təsir göstərir. Bu səbəbdən ailəvi səyahətlər zamanı daha çox təyyarə reyslərinə üstünlük verilir. Qeyd edim ki, Rusiya ilə də reyslər açılarsa, bu, ciddi turizm dəyəri yaradacaq”.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə isə, ölkəmizdə quru sərhədlə səyahət imkanları məhduddur və vətəndaşlar quru yolu ilə sadəcə Gürcüstana səfər edə bilirlər (Rusiya və digər istiqamətlərə qatarla getmək imkanı yoxdur), seçim azlığından insanların təyyarəyə üstünlük verməsi təbiidir:

“Səfər qiymətləri formalaşarkən, ilk növbədə, bir sərnişin üçün düşən maya dəyəri hesablanır. Məsələn, aviasiyada əsas xərc maddələrindən biri avia-kerosinin hər tonunun qiymətidir. Bir reysə neçə ton yanacaq sərf olunduğu əsas götürülür (məsələn, İstanbula uçuş zamanı təqribən 2 tona yaxın avia-kerosin işlədilir). Yerüstü xərclərə gəldikdə isə bura təyyarənin eniş etdiyi xarici hava limanında təmizlənməsi, qidalanma və yanacaqla təminatı və s. daxildir ki, bu proseslər də biletin qiymətinə birbaşa təsir edir. Ən sonda isə tələb-təklif qanunu işə düşür: yay aylarında biletlər daha baha, qışda isə ucuz olur.

Qatar nəqliyyatında isə vəziyyət fərqlidir. Burada maya dəyəri o qədər də yüksək olmur; əsas xərcləri elektrik enerjisi və qatar bələdçisindən tutmuş sürücüyə (maşinistə) qədər heyətin əməkhaqqı təşkil edir. Əgər Bakı-Tbilisi qatarının qiymətində yalnız bu amillər nəzərə alınsaydı, biletlər daha ucuz olmalı idi. Hazırda qiymətlərin baha olmasının əsas səbəbi tələbin yüksək, təklifin isə az olmasıdır. İqtisadiyyatın qanununa görə, tələb çox olanda və təklif çatmayanda (məsələn, 1 reysə cəmi 118-150 bilet satılanda) qiymətlər yüksəlir”.

N.Cəfərli qeyd edib ki, dünya praktikasına baxdıqda qatarla sərnişindaşıma daha rentabelli sayılır, çünki xərcləri az, gəlirləri isə yüksəkdir:

“Aviareyslərdə isə yüksək və az rentabelli istiqamətlər bir-birini kompensasiya edir. Şirkət hansısa bir şəhərə uçuşun az gəlirli olduğunu bilsə də, digər gəlirli xətlərin hesabına ümumi balansı qoruyur. Bu baxımdan aviaşirkətlər daha çevik siyasət yürüdürlər; fərqli ölkələrə uçuşların coğrafiyasını genişləndirməklə həm brendin nüfuzunu qoruyur, həm də tranzit sərnişin sayını artırırlar”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki