Ucarın Qarabörk kəndində örüş sahələrinin zəbt edildiyi iddia olunur.
Korrekt.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, vaxtilə yüzə yaxın ailənin istifadə etdiyi 70 hektara yaxın otlaq sahələri hazırda əkin üçün istifadə olunur və bu da təsərrüfat ilə məşğul olanlara ciddi çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, kənddə əvvəllər 100 ailədən 70-80-i maldarlıqla məşğul olsa da, hazırda bu sahə demək olar ki, sıradan çıxıb. Heyvan saxlayan az sayda sakin isə ya mal-qaranı satmağa, ya da başqa şəxslərə verməyə məcbur olub.
Onların iddiasına görə, örüş kimi istifadə olunan torpaqlarda hazırda yonca və arpa əkilib. Həmin ərazinin ətrafında quyular qazılıb, giriş hissəsinə isə nəzarət kamerası quraşdırılıb. Bu səbəbdən sakinlərin həmin sahəyə çıxışı tam məhdudlaşdırılıb.
Qarabörk kənd bələdiyyəsinin sədri Marif İsmayılov “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirdi ki, Qarabörk kəndində yerləşən sözügedən örüş təyinatlı torpaq sahəsi keçmiş bələdiyyə sədri Elşən Məmmədovun dövründə icarəyə verilib. Hazırda müqavilənin müddəti başa çatdığı üçün ləğv olunub və torpaq sahəsi yenidən bələdiyyənin balansına qaytarılıb. Həmin ərazidə əkilmiş kənd təsərrüfatı məhsulları – arpa və yonca biçilib götürüldükdən sonra torpaq sahəsi örüş yeri olaraq sakinlərin istifadəsinə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





















