Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara və şəhid ailələrinə dövlət qayğısının mühüm tərkib hissəsi olan bu xidmət 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir. “Çağrı Mərkəzi” müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən psixoloji yardım və tibbi reabilitasiya xidmətlərinin vahid platformadan koordinasiyası, bu kateqoriyadan olan vətəndaşlarla proaktiv işin təşkili, onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması məqsədilə yaradılıb.
Fəaliyyət göstərdiyi 3 il ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrindən daxil olan ümumilikdə 148 971 müraciət cavablandırılıb. Bunlardan 28 244-ü birbaşa daxil olan zənglər, 120 727-si isə proaktiv əlaqələrdir. Bu isə, Vətən müharibəsi iştirakçılarına göstərilən tibbi və psixoloji xidmətlərin davamlı və sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Birbaşa daxil olan müraciətlərin 9 675-i Bakı-Sumqayıt və Şimal bölgəsi, 12 240-ı Qərb bölgəsi, 124-ü Naxçıvan Muxtar Respublikası, 2 221-i Mərkəzi Aran, 3 984-ü isə Cənub bölgəsinin payına düşür.
Eyni zamanda, “Çağrı Mərkəzi” tərəfindən həyata keçirilən proaktiv zənglərin 43 717-si Bakı-Sumqayıt və Şimal bölgəsi, 50 506-sı Qərb bölgəsi, 51-i Naxçıvan Muxtar Respublikası, 9 876-sı Mərkəzi Aran, 16 577-si isə Cənub bölgəsi üzrə qeydə alınıb. Proaktiv zənglər vasitəsilə müharibə iştirakçıları və şəhid ailələrinin ehtiyacları mütəmadi öyrənilir və onlara vaxtında dəstək göstərilir.






















