8–10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “WTM Spotlight Riyadh 2026” beynəlxalq turizm sərgisində Azərbaycan “Zakher Travel” şirkəti tərəfindən təmsil olunub.
Sərgidə öz stendi ilə iştirak edən “Zakher Travel”in əsas məqsədi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də Azərbaycanın turizm potensialını Səudiyyə Ərəbistanında və Körfəz ölkələri bazarında daha geniş tanıtmaq olub.
Şirkətin məlumatına görə, sərginin üç günü ərzində 500-dən çox B2B görüş və işgüzar müzakirə keçirilib. Görüşlərdə Səudiyyə Ərəbistanı, digər Körfəz ölkələri və dünyanın müxtəlif bazarlarından olan turizm şirkətləri və peşəkarlarla yeni əlaqələr qurulub.
Tədbir çərçivəsində Azərbaycanın Bakı ilə yanaşı, regionlarının da turizm imkanları, ölkənin mədəni və tarixi irsi, eləcə də müxtəlif turizm məhsulları xarici tərəfdaşlara təqdim edilib. Şirkət Səudiyyə Ərəbistanı bazarında Azərbaycana səyahətə marağın yüksək olduğunu və bu marağın artdığını vurğulayıb.
Azərbaycanın turizm potensialı təqdim olunub
Sərgi zamanı “Zakher Travel”in stendində Azərbaycanın turizm imkanlarını əks etdirən videoçarxlar və təqdimat materialları nümayiş etdirilib. Ölkənin yalnız turizm məkanı kimi deyil, həm də zəngin mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə tanıdılmasına diqqət yetirilib.
Stendi ziyarət edən xarici qonaqlara Azərbaycanın milli şirniyyatları və müxtəlif çərəzləri təqdim olunub. Bu təşəbbüs sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sağlamlıq və tibbi turizm imkanları da diqqətdə olub
Sərgidə Azərbaycanın sağlamlıq və tibbi turizm imkanlarının tanıdılmasına da xüsusi yer verilib. “Zakher Travel”in tibbi tərəfdaşı olan “Bakı Medical Plaza” sərgidə şirkətlə birgə təmsil olunub.
Stendə gələn qonaqlara Azərbaycanda mövcud olan müasir tibbi xidmətlər, müalicə imkanları və sağlamlıq turizmi haqqında məlumat verilib. Bununla da Azərbaycanın istirahət və səyahətlə yanaşı, keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq üçün də əlverişli istiqamət olduğu diqqətə çatdırılıb.
Azərbaycan səfirliyi ilə əməkdaşlıq
Sərgi müddətində “Zakher Travel” Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi ilə də əlaqələr saxlayıb.
Səfirliyin və diplomatik korpusun əməkdaşları tədbir çərçivəsində iki dəfə şirkətin stendini ziyarət edərək təqdim olunan layihələr və fəaliyyətlə maraqlanıblar.
Sərginin son günündə isə Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Mütəllim Mirzəyev diplomatik korpusun digər əməkdaşları ilə birlikdə stendə baş çəkib.
Görüş zamanı sərgi çərçivəsində görülən işlər, Azərbaycanın turizm imkanlarının Səudiyyə Ərəbistanında tanıdılması, mövcud əməkdaşlıq perspektivləri və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.
“Zakher Travel” şirkətindən bildirilib ki, beynəlxalq turizm sərgilərində iştirak yalnız şirkətin tanıdılması və yeni biznes əlaqələrinin qurulması ilə məhdudlaşmır. Bu cür tədbirlər Azərbaycanın turizm, mədəniyyət, qastronomiya və sağlamlıq turizmi potensialının beynəlxalq səviyyədə təbliğinə də mühüm töhfə verir.
Şirkət hesab edir ki, “WTM Spotlight Riyadh 2026” sərgisində keçirilən 500-dən çox işgüzar görüş və qurulan yeni əlaqələr gələcəkdə konkret əməkdaşlıqlara çevrilə, Səudiyyə Ərəbistanından və digər Körfəz ölkələrindən Azərbaycana turist axınının artmasına töhfə verə bilər.




























