Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xəzər dənizindəki hərbi və mülki gəmilərə, eləcə də hərbi aerodromlara və kritik infrastruktur obyektlərinə qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığı iddia edilən bir sıra təxribatların qarşısının alındığını açıqlayıb.
Korrekt.az xəbər verir ki, qurumun məlumatına görə, ələ alınmış Rusiya vətəndaşlarına Qərb istehsalı olan 700 kiloqramdan çox partlayıcı maddə, azı 40 zərbə kvadrokopteri və pilotsuz katerlərə çevrilməsi planlaşdırılan 6 hidrosikl (su motosikleti) ötürülüb.
Maykop, Tixoretsk, Qızılyar və Rostov-na-Donuda keçirilən əməliyyat zamanı agentura şəbəkəsinin dörd üzvü saxlanılıb.
Silahlı müqavimət göstərən daha iki nəfər isə məhv edilib. Xüsusi xidmət orqanlarının əməkdaşları və mülki şəxslər arasında xəsarət alan olmayıb.
FTX-nin iddiasına görə, əməliyyat 2026-cı ilin əvvəlindən davam edib və hücumlara hazırlığın noyabr ayında yekunlaşdırılması planlaşdırılıb. İlkin hesablamalara əsasən, təxribatların təşkilinə azı 2,5 milyon dollar vəsait sərf olunub.
Faktla bağlı partlayıcı maddələrin qanunsuz dövriyyəsi və terror aktına hazırlıq maddələri ilə cinayət işi açılıb. Qurum qrupun digər mümkün üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.Musavat.com





















