image-1backend

Yaddaş Maarifçi Gənclər İctimai Birliyi VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təmsil olunub.

image-ads-728x90

Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin sədri Rəna Süleymanlı Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edir.

27–29 oktyabr tarixlərində təşkil olunan forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusuna həsr edilib. Beynəlxalq tədbir müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, dini liderləri, alimləri, ekspertləri, mədəniyyət xadimlərini və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.

Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi”nin əsas beynəlxalq tədbirlərindən biridir. İlk dəfə 2011-ci ildə keçirilən forum ötən illər ərzində mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platformaya çevrilib.

VII Forumun əsas məqsədi dünyada artan qütbləşmə, ayrı-seçkilik, münaqişələr və qarşılıqlı etimadın zəifləməsi fonunda dialoqun gücləndirilməsi, müxtəlif cəmiyyətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və ortaq gələcək naminə birgə təşəbbüslərin təşviq edilməsidir.

Forum çərçivəsində mədəniyyətlərarası və dinlərarası münasibətlər, sülh quruculuğu, gənclərin ictimai həyatda iştirakı, qadınların imkanlarının genişləndirilməsi, rəqəmsal texnologiyalar və süni intellekt, media, mədəni irsin qorunması, təhsil və sosial inklüzivlik kimi aktual mövzular müzakirə olunur.

Tədbirin proqramında beynəlxalq və tematik panel sessiyaları, yüksək səviyyəli görüşlər, gənclər və qadınların dialoquna həsr olunan müzakirələr, eləcə də mədəniyyətlərarası əməkdaşlığın inkişafına yönəlmiş müxtəlif təşəbbüslər yer alır. Bu platforma iştirakçılara təcrübə mübadiləsi aparmaq, yeni əməkdaşlıq əlaqələri qurmaq və qlobal problemlərin həllinə dair fikir mübadiləsi aparmaq imkanı yaradır.

Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin sədri Rəna Süleymanlının forumda iştirakı təşkilatın beynəlxalq tədbirlərdə təmsilçiliyinin genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafı və mədəniyyətlərarası dialoq təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq dialoq, multikulturalizm və humanitar əməkdaşlıq sahələrində təşəbbüslərinin təşviqinə xidmət edir. Forum müxtəlif mədəniyyətlərin və inancların nümayəndələrini ortaq dəyərlər ətrafında birləşdirərək qarşılıqlı hörmətin, anlaşmanın və sülhün möhkəmləndirilməsinə töhfə verir.

image-2

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki