image-1backend

Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” – TƏFƏRRÜAT

image-ads-728x90

Yevlax şəhərində 35 yaşlı kişi ögey qardaşını öldürüb.

Korrekt.az Teleqraf-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Mərdan mağazadan spirtli içki alaraq içmək üçün yaşadığı evdən çıxaraq piyada Yevlax şəhərində yerləşən ərzaq mağazasına gedib. Oradan spirtli içki olan pivə alaraq parkda içib və orada bir müddət oturduqdan sonra gecəyarısı yaşadığı evə qayıdıb.

Evin qapısından həyətə daxil olduqdan sonra onunla birlikdə yaşayan, ögey qardaşı Mahirin (adlar şərti verilib – red.) spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olduğunu görüb. O, Mahirin əvvəllər də mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoşluq vəziyyətində onunla əsassız olaraq mübahisələr etməsini ona yaşadığı evdə dinclik verməməsi ilə əlaqələndirib.

Bu zaman Mərdan ögey qardaşına nə üçün mütəmadi olaraq spirtli içki içməsini irad bildirib və söhbət edən zaman Mahir yenə də əvvəlki günlərdə olduğu kimi onu nalayiq söyüşlərlə söyərək təhqir edib.

Mərdan Mahirlə mübahisə etməyib və onun sakitləşməsi üçün uzaqlaşaraq evin həyətyanı sahəsində olan həyət itinin yanına gedib. Amma Mahir əlinə bıçaq götürərək onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb və onun arxası ilə həyətin ortasına doğru gəlib. Həmin vaxt həyətdə olan it Mahirə tərəf qaçıb.

Daha sonra Mahir itin onun üstünə cummasından qorxaraq hər iki dizi üstə yerə çöküb. Həmin vaxt Mərdan ögey qardaşının əlindən bıçağın yerə düşdüyünü görüb və bıçağı götürərək ona xəsarətlər yetirib. Çoxsaylı xəsarətlər alan Mahir ölüb.

İstintaq orqanı tərəfindən Mərdanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Mahir onun ögey qardaşı olub, yəni onların anaları eyni, ataları ayrı olub: “Mən anam Tamara və qardaşım Mahirlə birlikdə yaşamışam. Amma son vaxtlar Mahir narahatlıq yaratdığına görə anam Bakı şəhərinə gedib. Mahir illərlə spirtli içki qəbul edərək məni döyüb və mənə qarşı nalayiq ifadələr işlədib. Halbuki bir qardaş olaraq dəfələrlə onun həyatını xilas etmişəm. Mahir həmişə birinci mənim, sonra isə anamın başını kəsərək öldürəcəyini bildirib. Mahir məni öldürəcəyini dediyi üçün ondan çox qorxmuşam. Mahirə dəfələrlə xəbərdarlıq etmişəm və nəticə etibarı ilə düşünmə qabiliyyətini itirərək onu vurmuşam. Mənim Mahiri öldürmək fikrim olmayıb. Psixoloji vəziyyətim bu hadisənin baş verməsinə səbəb olub”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verməmişdən öncə səhər saatlarında Mahirlə birlikdə mehribancasına bazarda çay içiblər: “Hadisə gecə saatlarında baş verib. Mən hadisə baş verənə qədər, son üç gün olardı ki, axşamlar evə gəlməmişəm. Mahir hər gün spirtli içki qəbul edib. Mən özüm də hadisədən əvvəl mağazaya gedərək pivə almışam və parkda yarım butulka pivə içmişəm. Evə qayıtdıqda Mahirin də içkili olduğunu gördüm. O, məndən əl çəkməyərək üzərimə hücum çəkdi, nalayiq ifadələr işlətdi. Mübahisənin baş verməsinin səbəbi Mahirin məni hədələyərək, başımı kəsəcəyini deməsi olub. Mən Mahirdən nə üçün bu hərəkəti edəcəyini soruşdum. O, səbəb kimi anamın tərəfini saxladığını göstərdi. Mən ona əl-üzünü yumasını bildirdim. O, da əl-üzünü yudu. Mən bağı sulayan zaman Mahir əlində bıçaqla üzərimə gəldi. Bu zaman it Mahirə hücum etdi. Amma itin zənciri çatmadı”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində ögey qardaşını öldürmək fikiri olmadığını izah edib: “Mübahisə zamanı Mahirin əlində bıçaq olub. Həmin vaxt onun ayağı sürüşərək yıxıldığı üçün əlindəki bıçaq yerə düşüb. Mən də dərhal həmin bıçağı götürdüm və cibimə qoydum ki, görməsin. Əgər mənim Mahiri öldürmək fikrim olsa idi, elə həmin an onu öldürərdim. Mənim fikrimcə, həmin vaxt Mahir yıxılmasaydı, məni öldürəcəkdi. Bundan sonra o, məni söyərək yenə üzərimə hücum etdi, ayağıma xəsarət yetirdi. Mən də Mahirə bıçaqla vurmuşam. Birinci bıçaq zərbəsini vurduqdan sonra Mahirə qaçması üçün şərait yaratdım. Amma o, getmək əvəzinə, baltanın olduğu yerə doğru getdi. Mahirin baltaya tərəf getdiyini görərək yenidən onun kürək nahiyəsindən bıçaqla vurmağa başladım. Həmin vaxt Mahir üç dəfə baltanı götürməyə cəhd etdi. Mən də onun ön hissəsindən vurdum”.

Mərdan deyib ki, daha sonra törətdiyi hadisə barədə anasına məlumat verib və könüllü surətdə polisə təslim olub. Onun ifadəsinə görə, Mahirlə onun arasında əvvəllər də mübahisələr baş verib: “Hətta mən Mahir barəsində polisə də şikayət etmişəm. 2022-ci ildə Mahir mənim burnumu sındırdı. Mahirdə şizofreniya xəstəliyi olub. O, bir müddət psixatrik xəstəxanada stasionar müalicədə olub. Mən əvvəllər fəhlə kimi işləmişəm. Amma son üç-dörd ildə özümə qapanmışam və toyuq-cücə saxlamışam. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki