image-1backend

Trampın bu planı iflasa ugradı: Tehran niyə diktə edən tərəfə çevrildi?

image-ads-728x90

İran və ABŞ arasında gərginlik yeni mərhələyə keçərək “blokada müharibəsi” xarakteri alıb. Regionda yaranmış qeyri-müəyyən vəziyyət həm siyasi, həm də iqtisadi baxımdan ciddi narahatlıq doğurur. Rəsmi Vaşinqtonun danışıqlara başlamaq təşəbbüslərinə baxmayaraq, Tehran hələlik bu prosesdə aktiv iştirak etmir. ABŞ Prezidenti Donald Tramp isə atəşkəs müddətinin aprelin sonuna qədər uzadıldığını açıqlasa da, İran tərəfindən buna rəsmi reaksiya verilməyib.

Hazırkı vəziyyətdə isə münaqişə ətrafında bir neçə əsas oyunçu mövcuddur və onların maraqları üst-üstə düşmür. İndi hətta iddia edirlər ki, ABŞ və İsrail arasında belə fikir ayrılıqları da  dərinləşib.

ABŞ tarixdə ilk dəfə olaraq İsraillə birgə hərbi əməliyyatlarda birbaşa iştirak etdi. Bu, İsrail üçün ciddi strateji üstünlük hesab olunurdu. İsrailin əsas məqsədi İranın nüvə və ballistik raket proqramlarını tamamilə dayandırmaq, həmçinin onun regiondakı proksi fəaliyyətlərini məhdudlaşdırmaqdan ibarət idi. Lakin görünən odur ki, indiki halda İsrail bu arzusunu reallaşdıra bilmədi. Amma indiki halda da,  İsrail hərbi variantı daha effektiv hesab edir.

ABŞ isə daha çox siyasi və diplomatik vasitələrə üstünlük verir. Vaşinqton hesab edir ki, İranla razılaşma yolu ilə müəyyən nəticələr əldə etmək mümkündür və genişmiqyaslı dağıntılar region üçün əlavə risklər yarada bilər.

İranda isə  daxildə fikir ayrılıqları var: bir tərəfdə radikal mövqe tutan qüvvələr, digər tərəfdə isə reallığı nəzərə alaraq kompromisə meylli siyasi dairələr dayanır. Hərbi əməliyyatların davamı İranın iqtisadi və sosial infrastrukturuna ciddi zərbə vura bilər və ölkəni uzunmüddətli böhrana sürükləyə bilər.

Hazırda tərəflər arasında paralel olaraq iqtisadi qarşıdurma – blokada müharibəsi də gedir. İran Hörmüz boğazında gəmilərin hərəkətini məhdudlaşdırır, ABŞ isə İranın dəniz daşımalarına və limanlarına çıxışını çətinləşdirir. Bu vəziyyət qlobal enerji bazarına da təsir edib, neft qiymətlərinin artmasına və beynəlxalq iqtisadi böhranın dərinləşməsinə səbəb olub. İndi reallıq odur ki, ABŞ-ın qısamüddətli müharibə planı iflasa uğrayıb. Məhz bu Donald Trampın reytinqinin birdən- birə cəmi bir ay ərzində 33 faiz düşməsinə səbəb olub. İndi Qərb ekspertləri hesab edir ki, diktə edən tərəf hal- hazırda İrandır. Bu isə enerji böhranını daha da dərinləşdirir.

Yaranmış enerji böhranı xüsusilə Çin, Hindistan və Avropa üçün ciddi problemlər yaradır. ABŞ isə enerji baxımından daha müstəqil olduğu üçün bu vəziyyətdən strateji üstünlük əldə etməyə çalışır. Bu kontekstdə texnoloji və iqtisadi rəqabət də ön plana çıxır.

ABŞ-ın əsas məqsədlərindən biri regionda enerji və kommunikasiya xətləri üzərində nəzarəti gücləndirməkdir. Eyni zamanda, Vaşinqton İran daxilində hakimiyyət dəyişikliyindən çox, mövcud siyasi elitanın öz maraqlarına uyğun davranmasına nail olmağa çalışır.

Münaqişənin gələcəyi  necə olacaq? Reallıq onu deməyə əsas verir ki, yaxın zamanda nə “tam müharibə”, nə də “tam sülh” ssenarisi  real görünmür. Tərəflər arasında bu qeyri-müəyyən vəziyyət bir müddət davam edə bilər və nəticədə İran daxili təzyiqlər səbəbindən danışıqlara getməyə məcbur qala bilər.

Regiondakı gərginlik ölkəmizə nə vəd edir? Ölkəmiz  həm şimalda, həm də cənubda münaqişə ocaqlarının mövcud olduğu mürəkkəb geosiyasi məkanda yerləşir. Buna baxmayaraq, Azərbaycan hazırda regionda mühüm nəqliyyat və kommunikasiya dəhlizi rolunu oynayır.

Mövcud şəraitdə Azərbaycanın əsas strateji xətti sabitliyin qorunması, neytral və balanslaşdırılmış siyasətin davam etdirilməsi olmalıdır. Bu yanaşma ölkənin həm təhlükəsizliyini təmin edə, həm də regional əhəmiyyətini daha da artıracaq.

Beləliklə, ABŞ–İran qarşıdurması yalnız hərbi deyil, həm də iqtisadi və geosiyasi müstəvidə davam edir və yaxın dövrdə regionda sabitliyin bərpası hələlik qeyri-müəyyən olaraq qalır.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki